Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə hesabat açıqlayıb. Bildirilir ki, 2016-cı il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 521,1 min nəfər olub, onların 889,7 min nəfəri dövlət sektorunda, 631,4 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 22,2 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,8 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 10,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artaraq 488,1 manata çatıb.