Təhsil Nazirliyi məktəb müşavirləri pilot layihəsinin icrasına başlayıb. Rəsmi məlumata görə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə aparılan layihə təhsilin idarə edilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədi daşıyır.
Məktəb müşavirlərinin ilkin seçimi “Asan xidmət”də həyata keçiriləcək. İlkin mərhələdə namizədlərin bilikləri testlə yoxlanacaq, seçilən namizədlər müsahibə mərhələsinə buraxılacaq. Seçimlərdə ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunacaq. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən seçilən namizədlər məktəb müşavirləri təyin ediləcək.
Nazirlik bildirir ki, məktəb müşavirinin əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işləri aparmaq olacaq. Bununla yanaşı məktəb müşavirləri hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak etməlidirlər.
Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsini əhatə edəcək.