Rusiya və Ermənistan prezidentləri Vladimir Putinlə Serj Sərkisyan avqustun 10-u Moskvada bir araya gəliblər. Novator.az-ın məlumatına görə, görüşdən sonra jurnalistlərin qarşısına çıxan dövlət başçıları müzakirə etdikləri məsələlər barədə açıqlama veriblər.
Putin ölkəsinin Ermənistanla iqtisadi əlaqələrinə toxunaraq deyib: “Rusiya Ermənistanın aparıcı tərəfdaşıdır. Ermənistanın ticarət dövriyyəsinin dörddə biri bizim ölkənin payına düşür. Bu il Ermənistandan Rusiyaya ərzaq və kənd təsərrüfatı mallarının ixracı 86 faiz artıb. İki ölkənin investisiya əməkdaşlığı da sürətlənib. Rusiyanın Ermənistan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 4 milyard dolları ötüb. Bu, Ermənistan iqtisadiyyatına qoyulan bütün xarici investisiyaların 40 faizi deməkdir. Ermənistanda 1300-ə yaxın Rusiya şirkəti fəaliyyət göstərir”.
Sərkisyan iqtisadi məsələlərə toxunarkən deyib ki, 2016-cı ilin ilk 6 ayında Ermənistandan Rusiyaya ixrac 90 faizədək artıb. Dövlət başçısı ölkəsinin Avrasiya İqtisadi İttifaqına qoşulmasının iqtisadi əlaqələrə müsbət təsir etdiyini vurğulayıb.
Prezidentlər Dağlıq Qarabağ məsələsinə də toxunublar. Sərkisyan Rusiyaya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin dinc yolla həlli üçün səylərinə görə təşəkkür edib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin məğzi xalqın öz müqəddəratını təyin etmək uğrunda mübarizəsidir və buna hörmət olunmalıdır .
Rusiya prezidenti avqustun 8-i Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini vurğulayaraq deyib: “Rusiya qonşuları arasında gərginliyin səngiməsində maraqlıdır. Ümid edirik ki, Ermənistan və Azərbaycan qalibin və məğlubun olmadığı kompromisi tapacaqlar”.
Putin Rusiyanın Azərbaycana silah satması ilə bağlı sualı cavablandırarkən deyib ki, Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyatı, böyük valyuta ehtiyatları olan ölkə kimi istədiyi yerdən silah almaq gücündədir: “Ancaq mən məsələnin hərbi tərəfinə diqqət yönəltmək istəmirəm. Problemi həll etmək istəyiriksə, dinc üsullara yönəlməliyik”.