Prezident İlham Əliyev avqustun 10-u Qəbələ səfərində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Bildirilib ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarında qeydiyyatda olan vətəndaşlar, ümumilikdə 902 min 435 sakin yararlanacaq.
Rayon ictimaiyyətinin nümayəndələri və mərkəzin kollektivi ilə görüşən prezident deyib ki, Qəbələdəki “ASAN xidmət” mərkəzi sayca 10-cu xidmətdir: “Azərbaycanda bu günə qədər 9 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir — 5-i Bakıda, 4-ü digər şəhərlərdə — Gəncə, Sumqayıt, Bərdə və Sabirabadda. Onuncu mərkəz isə bu gün Qəbələ şəhərində açılır və artıq Qəbələdə də vətəndaşlar bu gözəl imkanlardan istifadə edəcəklər.
“ASAN xidmət” Azərbaycan məhsuludur. Üç il yarım ərzində 11 milyona yaxın müraciət olub. Bu, ictimai xidmətlər sektorunda çox ciddi bir irəliləyişdir. Əslində böyük bir inqilabdır. Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəlki dövrlərdə bəzən hansısa sənədi, arayışı almaq üçün insanlar günlərlə, həftələrlə vaxt itirirdilər, müəyyən çətinliklərlə üzləşirdilər. İndi isə insanlar bütün bu imkanlardan rahat, çox asan formada istifadə edirlər.
“ASAN xidmət”i bəyənmə əmsalı da çox yüksəkdir. Təhlillər aparılır, rəy sorğuları keçirilir və əhalinin 98 faizi mərkəzlərdə göstərilən xidmətlərdən razıdır. Çünki burada şəffaflıq təmin edilir, bürokratiya, rüşvətxorluq yoxdur, mədəni xidmət göstərilir.
Gələcəkdə biz “ASAN xidmət” mərkəzlərinin sayını artıracağıq. Növbəti “ASAN xidmət” mərkəzi bu il Masallıda açılacaq və ondan sonra Şəki şəhərində “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur”.
İlham Əliyev Qəbələdə icrası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olub, “Qəbələ” Park-Bulvar Kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib, “Qafqaz Tufandağ Mountain Resort” otelinin açılışına qatılıb.
Qəbələyə səfəri çərçivəsində prezident, Silahlı Qüvvələrin ali baş komandanı Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, İlham Əliyev avqustun 10-da İsmayıllı rayonuna da baş çəkib. İlham Əliyev “İsmayıllı-2” Su Elektrik Stansiyasının açılışına qatılıb, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Prezident əsaslı şəkildə yenidən qurulan Qaraməryəm-İsmayıllı avtomobil yolunun açılışında da iştirak edib. Diqqətə çatdırılıb ki, yolun əsaslı şəkildə təmir olunması İsmayıllı və Göyçay rayonlarının 30-dan çox yaşayış məntəqəsinin 27 mindən artıq əhalisinin gediş-gəlişini xeyli asanlaşdıracaq.
İlham Əliyev İsmayıllı rayonundakı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə də tanış olub, daha sonra “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında iştirak edib. Rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşən İlham Əliyev deyib ki, Azərbaycanda müxtəlif istiqamətlər üzrə yerli istehsalat sahələri var və bu istehsalat sahələri ən yüksək səviyyədədir: “Mənə verilən məlumata görə, bu zavodun istehsal gücü ildə 30 min ədəd velosiped olacaq. Burada artıq onlarla iş yeri yaradılıb, müasir texnologiyalar tətbiq olunur. Əlbəttə ki, bu velosipedlər həm daxili bazarda satılacaq, eyni zamanda xaricə də ixrac edilə bilər. Çünki keyfiyyət buna şərait yaradır.
Azərbaycanın uğurlu inkişafı belə müəssisələrdən asılıdır. Çünki bu gün həm sənaye istehsalı, həm də kənd təsərrüfatı istehsalı daha da böyük əhəmiyyət daşıyır. Mən dəfələrlə bunu qeyd etmişəm, bir daha demək istəyirəm ki, ölkəmizin bundan sonrakı uğurlu inkişafı bu iki istiqamətdən asılı olacaq. Baxmayaraq ki, indi dünyada maliyyə-iqtisadi böhran davam edir, bu ilin yeddi ayında Azərbaycanda sənaye istehsalı təxminən bir faiz artıb. Bu, o qədər də böyük göstərici deyil, ancaq indiki şəraiti nəzərə alsaq, yaxşı göstəricidir.
Qeyri-neft sənayesi isə iki faizdən çox artıb. Belə müəssisələrin gələcəkdə ölkəmizin müxtəlif yerlərində yaradılması imkan verəcək ki, Azərbaycanda həm sənaye istehsalı artsın, həm də neftdən, qazdan asılılıq daha da azalsın. Bu istiqamətdə işlər görülür və ciddi islahatlar aparılır. İslahatlar da öz bəhrəsini verir. Deyə bilərəm ki, Azərbaycan dünyada hökm sürən böhranı nəzərə alaraq bu vəziyyətdən ən az itkilərlə çıxır. Ölkəmizdə indi maliyyə sahəsində sabitləşmə təmin edilib. Bu il on minlərlə yeni iş yeri yaradılıb. Bu proses davam edir. Kənd təsərrüfatı istiqamətində çox böyük müsbət nailiyyətlər var. Beləliklə, Azərbaycanın gələcək inkişafı dayanıqlı olacaq. Bizim imkanımız var ki, gələcək inkişafımızı iki vacib istiqamət — kənd təsərrüfatı və sənaye istehsalı üzərində quraq”.