“Elm haqqında” qanun prezident imzası ilə qüvvəyə minib. Qanun Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini, elmin və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını müəyyən edir.
40 maddəlik qanuna əsasən, elmi işçinin magistr elmi-ixtisas dərəcəsinə və ya ona bərabər tutulan ali təhsilə malik olması zəruridir. Elmi müəssisə və təşkilatlarda bu elmi işçi vəzifələri müəyyən edilir:
— kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi;
— konstruktor, aparıcı konstruktor, baş konstruktor;
— mühəndis, aparıcı mühəndis, baş mühəndis;
— texnoloq, aparıcı texnoloq, baş texnoloq;
— assistent.
Elmi dərəcəsi olan və öz elmi ixtisası üzrə işləməyən, lakin elmi fəaliyyətini davam etdirən şəxslər də elmi işçilərə bərabər tutulur.
Elmi işçinin ixtisas səviyyəsini müəyyən edən əsas göstəricilər qanunda belə müəyyən edilir:
— magistratura (rezidentura) və ona bərabər tutulan ali təhsil;
— xüsusi elmi hazırlıq (doktorantura, adyunktura, dissertantura);
— elmi dərəcə (elm sahələri üzrə fəlsəfə doktoru və elmlər doktoru);
— elmi ad (dosent, professor);
— elmi rütbə (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın həqiqi, müxbir, xarici və fəxri üzvü);
— elmi nailiyyətlərinə görə dövlət və beynəlxalq elmi təşkilatların verdiyi fəxri ad və titullar;
— yerinə yetirilmiş elmi tədqiqat və təcrübi-axtarış işləri, müəlliflik hüququ və ya patent hüququ ilə qorunan əqli mülkiyyət obyektlərinin qeydiyyatı haqqında şəhadətnamələr;
— çap olunmuş elmi əsərləri, xüsusi təsir göstəricisinə (impakt faktoruna) malik olan və istinad indeksli elmi jurnallarda nəşr olunan elmi məqalələr;
— fəaliyyət göstərdiyi elm sahəsi üzrə yüksək elmi nüfuzu olan mütəxəssislərin rəyi.
Elmi işçilər elmi müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin elmi şurasında seçilir. Onların işə qəbulu Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir.
Transparency.az bildirir ki, avqustun 9-da imzalanan prezident fərmanında Nazirlər Kabinetinə beş ay müddətində ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələbləri müəyyən etmək tapşırılıb.