Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik və əlavələri imzalayıb (Qanun). Əsas yenilik qanunun dövlət qulluğuna qəbul maddəsinin dəyişməsidir. Yenilənmiş maddəyə əsasən, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır, müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edilməlidir. Test imtahanında iştirak etmək üçün ödənişin tətbiqi də nəzərdə tutulur.
İmtahandan keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq sertifikat verir. Sertifikatın qüvvədə olma müddəti beş ildir.
Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.
Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir.
Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır.
Qanuna əlavə olunan yeni maddəyə görə, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz.
Transparency.az xəbər verir ki, qanundakı yeniliklərin tətbiqi ilə bağlı 9 avqust fərmanında prezident İlham Əliyev dövlət qulluğuna qəbul imtahanlarını keçirməyi Dövlət İmtahan Mərkəzinə həvalə edib. Tarif (qiymət) Şurası test imtahanında iştirak etmək üçün ödənişin məbləğini iki ay müddətində müəyyən etməlidir (Fərman).