İqtisadçı Qubad İbadoğlu konstitusiyanın 32-ci maddəsinə təklif olunan əlavələri Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü standartlarına zidd sayır.
Sentyabrın 26-da Azərbaycan Konstitusiyasında dəyişikliklər üzrə referendum keçiriləcək. Referendum aktı layihəsində konstitusiyanın 32-ci maddəsinə aşağıdakı məzmunda VI, VII və VIII hissələr əlavə edilib:
VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
VII. Məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.
VIII. Fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.
Transparency.az-ın məlumatına görə, Qubad İbadoğlu sosial şəbəkədə yazıb ki, bu təkliflər mülkiyyət sahibləri və dövlət şirkətlərinin fəaliyyəti haqda informasiyalara çıxış imkanlarını məhdudlaşdırır: “Azərbaycanın qoşulduğu Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) beynəlxalq idarə heyətinin bu ilin fevralında Limada keçirdiyi iclasında qəbul edilmiş qərarda göstərilir ki, üzv ölkələr mülkiyyət sahibliyinin açıqlanması ilə bağlı yol xəritəsi hazırlamalı, 2020-ci ilədək bu sahədə milli qanunvericilikdə olan bütün hüquqi baryerləri aradan qaldırmalı və 2020-də təşəbbüsü məcburi tətbiq etməlidir. Hətta MHŞT üzrə çoxtərəfli qrupun 29 iyun iclasında benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsini hazırlayacaq şirkət də seçilib”.
Qubad İbadoğlu hesab edir ki, konstitusiyanın 32-ci maddəsinə təklif edilən əlavələr MHŞT-nin benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair tələbinin Azərbaycanda tətbiqinə mane olacaq: “Dövlət şirkətlərində payı olanlar, həmin şirkətlərin fəaliyyətindən bəhrələnənlər haqda məlumatların əldə edilməsi mümkün olmayacaq. Aydındır ki, 32-ci maddəyə təklif edilən əlavələr məhz mülkiyyət sahiblərinin və ondan faydalananların mənafeyinə xidmət edir və beynəlxalq təşəbbüslərlə ziddir”.
Ekspert sözügedən əlavələrin konstitusiyanın “Məlumat azadlığı” maddəsi ilə də ziddiyyət təşkil etdiyini bildirir: “Həmin maddənin I hissəsində deyilir ki, hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Eyni zamandakonstitusiyanın 155-ci maddəsinə görə, insan və vətəndaş hüquqları və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz. Ona görə də konstitusiyanın 32-ci maddəsinə təklif olunan VI, VII, VIII hissələr qəbuledilməzdir”.