Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının yenidən təşkili barədə qərar çıxarıb. Bu, Seçki Məcəlləsinin tələbindən irəli gəlib. Qanuna görə, dairə seçki komissiyaları bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılarsa, səsvermə gününə azı 50 gün qalmış təşkil edilməlidir.
MSK-nın 4 avqust iclasında 124 dairənin seçki komissiyasının yeni tərkibi təsdiq edilib. 90 saylı Ağdaş dairəsinin seçki komissiyası iyunun 18-də Milli Məclisə keçirilmiş təkrar seçki ərəfəsində formalaşdırılıb.
Transparency.az bildirir ki, dairə seçki komissiyaları 9 üzvdən ibarətdir. 3 üzvün namizədliyini deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri, 3 üzvün namizədliyini deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri, 3 üzvün namizədliyini isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri təqdim edir.
Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə referendum keçiriləcək. Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişiklik təklifi yer alır. Ana qanuna bir neçə yeni maddə də təklif olunur (Azərbaycan Konstitusiyasına dəyişikliklər layihəsi).
Dəyişikliklər prezident seçilmək üçün 35, deputat olmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir. Başqa bir yenilik vitse-prezidentlər postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.
MSK-nın 4 avqust iclasında referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq olunub və 5 milyon 280 min 924 seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.