Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev ünvanlı dövlət sosial yardımı və özünüməşğulluq proqramları haqqında açıqlama verib. Transparency.az-ın məlumatına görə, nazirliyin saytında yayılan rəsmi açıqlamada deyilir ki, aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımından bu il fevralın 15-dən tətbiqinə başlanmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə heç bir məmur müdaxiləsi olmadan, tam şəffaf şəraitdə faydalanır: “VEMTAS ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə xidmətlərin müasir və şəffaf, məmur-vətəndaş təmasları olmadan, vətəndaşlar üçün çevik və rahat şəkildə həyata keçirilməsini tam təmin edir. Sosial yardımların təyinatı prosesi avtomatlaşdırılmış qaydada, yəni hansısa bir məmurun iradəsindən asılı olmadan həyata keçirilir”.
Elman Babayev bildirib ki, VEMTAS sistemi bu il 75268 nəfər ailə üzvü olan 18855 ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyin edib.
Şöbə müdiri prezidentin 16 mart 2015-ci il sərəncamı ilə ünvanlı dövlət sosial yardımlarının təyinat müddətinin bir ildən iki ilədək uzadıldığını vurğulayıb: “Hazırda ünvanlı sosial yardım alan ailələr də həmin sərəncamın imzalandığı vaxtdan sonra iki illik müddətə yardım təyin olunanlardır və ona görə də onlardan heç birinə bu il ərzində ünvanlı dövlət sosial yardımının verilməsi dayandırılmayacaq”.
Elman Babayev bildirib ki, prezident İlham Əliyevin 7 aprel 2016-cı il sərəncamı ilə aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunmasına yönəlmiş işlər aparılır: “Sərəncamla qeyd olunan məqsəd üçün ayrılmış 6 milyon manat vəsait hesabına ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluğu təmin ediləcək. Əmək qabiliyyətli ailə üzvləri olan belə ailələr üçün kiçik ailə təsərrüfatları yaradılması ilə bağlı zəruri tədbirlər görüləcək. Bu istiqamətdə işlərin dolğun və məqsədyönlü şəkildə tənzimlənməsi üçün “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili tələbləri” hazırlanaraq təsdiq edilib. Özünüməşğulluq layihələrinə cəlb olunacaq vətəndaşlara biznesin təşkili ilə bağlı təlimlər də keçiriləcək, onlara biznes fəaliyyətinin inkişafı ilə bağlı məsləhətlər veriləcək”.
Yaxın vaxtlarda aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması istiqamətində praktik işlərə başlanacağını qeyd edən Elman Babayev bununla da aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarına keçiləcəyini bildirib: “Özünüməşğullluq proqramına bunun üçün müvafiq potensialları, əmək qabiliyyətli üzvləri olan aztəminatlı ailələrin cəlb edilməsi nəzərdə tutulur və bu proqramın icrası ünvanlı dövlət sosial yardımı proqramının dayandırılmasını şərtləndirmir. Özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan, məşğulluq tədbirlərinə cəlb olunmaq üçün potensialları olmayan ailələrin dövlətin sosial yardımları ilə təmin edilməsi prosesi də davam etdiriləcək”.