Avqustun 4-ü Bakıdakı “Avropa” otelində “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının monitorinqinin nəticələri əsasında hazırladığı 3-cü hesabat (Hesabat) təqdim edilib.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi çərçivəsində hazırlanan hesabatı tədbir iştirakçılarına təşkilatın eksperti Rəcəb İmanov çatdırıb. Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi ilə Azərbaycan hökumətinin öz üzərinə götürdüyü öhdəliklərin 9 istiqamət üzrə qruplaşdırıldığını deyən ekspert 3-cü qiymətləndirici monitorinqin məqsədlərini açıqlayıb:
— 2015-ci ilin yanvar-dekabr dövrü ərzində Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planında planlaşdırılan öhdəliklərin icra səviyyəsinin qiymətləndirilməsi;
— Milli Fəaliyyət Planının icrasının son dövrü ilə öhdəliklərin yerinə yetirilməsi sahəsində başlıca çətinliklərin müəyyənləşdirilməsi, onların aradan qaldırılmasına töhfə vermək üçün tövsiyələrin hazırlanması.
Rəcəb İmanov hesabatın təqdimatı zamanı mərkəzi və yerli icra hakimiyyəti orqanlarına göndərilən sorğular, onların ümumi icra səviyyəsi, qiymətləndirmə, proses boyu dövlət orqanlarının fəaliyyətində aşkar olunan qüsurlar, həmin problemlərin aradan qaldırılması üçün ekspertlər qrupunun hazırladığı tövsiyələr haqqında məlumat verib.
Tədbirdə monitorinqin göstəricilərinin mövcud mənzərəni nə qədər obyektiv və doğru təsəvvür yaratdığı sualına cavab verən hüquqşünas, ekspert qrupunun üzvü Ələsgər Məmmədli proses boyu istifadə edilən ölçü meyarlarına diqqət çəkib: “Bəzən statistik nəticələrlə ümumi mənzərəni tam aydın təsəvvür etmək mümkün olmur. 20 faizə qədər göstərici zəif, 20 faizdən 70 faizə qədər göstərici orta, 70 faizdən yuxarı göstərici yaxşı kimi qiymətləndirilib. Qiymətləndirmənin orta səviyyəni göstərməsinə səbəb əslində orta həddin 20-70 aralığında müəyyənləşdirilməsidir. Bir çox halda göstəricilər 20 civarında olub. Metodologiya rəqəmləri orta kimi göstərsə də, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının hesabatlılığının təqdim olunan nəticəsi 31 faizi keçmir.
Gündəlik qarşılanan bir sıra ciddi problem var. Bir çox qurumlarda informasiya sorğularının elektron formada cavablandırma xidməti işləmir. Bu prosesə nəzarət mexanizmi dörd ildir müəyyən edilib, amma nəticə 90-100 olmalı ikən 30-da qərarlaşıb. İnformasiya sorğularının cavablandırılmasına nəzarət edən qurum olan Ombudsman Aparatı 7 iş günündə cavablandırlamlı olduğu sorğuya 45 günə cavab verir. Bu aspektdə çoxlu problem var.
İnformasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətləri üzrə xeyli problem var. Ədliyyə Nazirliyinin E-qanun.az saytında normativ hüquqi akta mart ayında edilən dəyişikliyi tapa bilmirəm. Halbuki, qanunvericiliyə görə, hüquqi akt 24 saat ərzində yenilənməlidir. Bu problemlərin həlli, cəmiyyətə açıqlıq hər birimizin mənafeyinə uyğundur”.
Monitorinqin vergi nəzarəti və yoxlamaları prosesində şəffaflığın artırılması, mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması istiqamətlərində ekspert kimi çalışan Qubad İbadoğlu həmin sahələrdə göstəricilərin yüksək olduğunu qeyd etsə də, ümumi vəziyyətin ürəkaçan olmadığını vurğulayıb: “Xüsusilə yerli icra hakimiyyəti səviyyəsində icra səviyyəsinin çox aşağı olması ümumi qiymətləndirmənin nəticələrinə mənfi təsir göstərir. Bu istiqamətdə sorğularımız cavablandırılmayıb. Bu təbəqə demək olar ki, Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planından məlumatsızdır.
Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planında nəzərdə tutulan bütün tədbirlər həyata keçirilməlidir. Yeni fəaliyyət planında dövrün tələblərinə uyğun olaraq yeni fəaliyyət istiqamətləri qoyulmalıdır. Ümumi vəziyyətin yaxşılaşması dövlət orqanları ilə ekspert qrupu arasındakı koordinasiyadan da çox asılıdır. Hər bir halda biz rəsmi sorğu əsasında əldə etdiyimiz nəticələri qiymətləndiririk”.
Tədbirdə yekun hesabatın avqust ayının sonunda təqdim ediləcəyi bildirilib.