AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev avqustun 4-də Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub. Dövlət başçısına ərazidə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin apardığı yenidənqurma və abadlıq işləri barədə məlumat verilib. Ərazidə aparılacaq işlərin birinci mərhələsində 26 hektarda yolların salınması və abadlıq işlərinin görülməsi nəzərdə tutulur. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına layihənin icrası ilə bağlı məlumat verib. Bildirilib ki, 3827 yaşayış və qeyri-yaşayış sahəsi sahibləri müvafiq qaydada kompensasiya ilə təmin ediliblər. Ümumilikdə 219 obyekt üzrə vətəndaşlar yaşayış sahəsi ilə təmin olunublar.
Keçmiş “Sovetski” ərazisində satın alınan obyektlərdən 249-nun söküntüsü davam edir. Burada ümumi uzunluğu 6 kilometrdən çox olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılacaq. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev küçələrində, Füzuli küçəsinin davamında və Nəriman Nərimanov küçəsində həyata keçiriləcək.