Əmlak Məsələləri Dövlət Komitəsi hüquqların dövlət qeydiyyatının orta müddətləri ilə bağlı açıqlama yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna bu il aprelin 29-da qüvvəyə minmiş dəyişikliklərə əsasən, hüquqların dövlət qeydiyyatı müddəti 20 gündən 10 iş gününədək qısaldılıb.
Hazırda ilkin qeydiyyat üçün tam müddət 15 gündür. Təkrar qeydiyyat üçün tam müddət 10 gün müəyyən edilib.
Tarif (Qiymət) Şurasının qərarına uyğun olaraq hüquqların dövlət qeydiyyatının qanunla müəyyən edilmiş müddətlərinin üçdə iki və üçdə bir müddətində icra edilməsi ilə bağlı seçimləri də mövcuddur.
İlkin qeydiyyatda üçdə bir nisbətində tezləşmə ilə icra müddəti 10 gün, üçdə iki nisbətində tezləşmə ilə icra müddəti 5 gündür. Təkrar qeydiyyatda üçdə bir nisbətində tezləşmə ilə icra müddəti 7 gün, üçdə iki nisbətində tezləşmə ilə icra müddəti 3 gün müəyyən olunub.