Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Qaynar xətt”ə daxil olan şikayətlər üzrə hesabat yayıb. Rəsmi məlumata görə, bu ilin 6 ayı ərzində 168 nömrəli “Qaynar xətt”ə ekoloji qanun pozuntuları ilə əlaqədar 1980 şikayət daxil olub. Nazirlik şikayətlərin 1841-ni yerində araşdırıb, digər müraciətlərin araşdırılması isə davam etdirilir.
Şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, səs-küy səviyyəsinin normadan artıq olması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə bağlıdır.
6 ay ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə (740), Dövlət Ekspertiza İdarəsinə (862 şikayətdən 759-u), Meşələrin İnkişafı Departamentinə (174 şikayətdən 165-i), Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə (43), Milli Geoloji Kəşfiyyat Xidmətinə (114 şikayətdən 95-i), Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə (19 şikayətdən 18-i), Milli Hidrometeorologiya Departamentinə (1), “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinə (9 şikayətdən 6-sı), Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə (16 şikayətdən 12-si), Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə (2) göndərilən şikayətlər üzrə araşdırma başa çatıb, tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması isə davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” rabitə əlaqəsi 2002-ci ildən fəaliyyət göstərir.
Transparency.az bildirir ki, nazirliyin digər hesabatına əsasən, ilin birinci yarısında aparılan araşdırma zamanı atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, balıq ehtiyatlarının, fauna və floranın mühafizəsi, o cümlədən məişət və istehsalat tullantılarının idarə olunması sahəsində yol verilən qanun pozuntularına görə 1070 akt və 351 protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 319 müddətli göstəriş verilib.
Ümumilikdə 329 iş üzrə 395780 manat məbləğində inzibati cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 249 iş üzrə 483841 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 2647 iş üzrə 494304 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 207 işdən 115-nə, icra qurumlarına göndərilən 172 işdən 87-nə, məhkəmələrə göndərilən 129 işdən 25-nə baxılaraq müvafiq tədbirlər görülüb.