Sentyabrın 26-da Azərbaycan Konstitusiyasına dəyişikliklər üzrə referendum keçiriləcək. Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişiklik təklifi yer alır. Ana qanuna bir neçə yeni maddə də təklif olunur (Azərbaycan Konstitusiyasına dəyişikliklər layihəsi).
Dəyişikliklər prezident seçilmək üçün 35, deputat olmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir. Başqa bir yenilik vitse-prezidentlər postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.
Transparency.az-ın məlumatına görə, müxalif REAL Hərəkatının İdarə Heyətinin üzvü, siyasi ekspert Azər Qasımlı yazır ki, referendum aktında ən çox üzərinə gediləsi müddəalar prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi, prezident olmadıqda onun səlahiyyətlərinin birinci vitse-prezidentə keçməsidir: “Birinci dəyişiklik hakimiyyət bölgüsünü ciddi şəkildə zədələyəcək. Qanunverici hakimiyyət tamamilə icraedici hakimiyyətin başında duran şəxsdən asılı olacaq, iki hakimiyyət arasında balans pozulacaq. Hazırkı konstitusiyada prezidentin veto, parlamentin isə impiçment hüququ var. İndi belə çıxır ki, əgər parlament prezidenti istefaya göndərmək istəsə, ikincisi daha çevik davranıb parlamenti buraxacaq. Belə bir durum məntiqsiz və hətta komikdir. Nəticədə parlamentin sistemdaxili heç bir önəmi qalmır, o, institut kimi ciddi şəkildə zəiflədilir, prezidentin qərarına bağlı olur.
Prezidentin səlahiyyətlərinin birinci vitse-prezidentə keçməsinə gəldikdə, bu dəyişiklik də xalqdan gələn legitimliyi ciddi şəkildə zədələyir. Vitse-prezidenti xalq seçmir və xalqın seçmədiyi şəxs ana yasaya görə dövlət başçısının funksiyalarını yerinə yetirəcək. Yəni hüquqi baxımdan birinci vitse-prezident institutu yaradılır, lakin legitimliyi olmur. Bu da nonsensdir. Təsəvvür edin, prezidentə istədiyi qədər vitse-prezident təyin etmək səlahiyyəti verilir, o da parlament üzvləri qədər özünə vitse-prezident təyin edir. Nəticədə xalq legitimliyi zədələnir, çünki ondan mandat almayan adam dövlət başçısı ola bilər. Baş nazirin sistemdaxili çəkisi demək olar ki, heçə endirilir. Onu prezident təyin edir, legitimliyi zədələnmiş parlament təsdiq edir, lakin parlamentin təsdiq etmədiyi bir şəxs ondan bir pillə yuxarıda olur”.
Azər Qasımlının fikrincə, dəyişiklik nəticəsində ölkə monarxiya ilə hüququn arasında qalacaq: “Bir tərəfdən konstitusiya olacaq, digər tərəfdən bir nəfərə həddindən artıq böyük, hətta dünyadakı monarxiyalarda olduğundan da böyük səlahiyyət veriləcək. Monarxiyalarda hakimiyyət təyinatla deyil, irsən keçir. Bizdə isə referendumdan sonra prezidentə dövlət başçısını faktiki olaraq təyinetmə hüququ veriləcək”.