İyulun 25-də Konstitusiya Məhkəməsi prezident İlham Əliyevin iyulun 18-də təqdim etdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsinə rəy verib.
Referendum aktı layihəsində konstitusiyanın 25-dən çox maddəsində dəyişikliklər təklifi yer alır. Eyni zamanda ana qanuna bir neçə yeni maddə təklif olunur. Dəyişikliklər prezident seçilmək üçün 35, deputat olmaq üçün 25 yaş şərtlərini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq səlahiyyəti verilir. Başqa bir yenilik vitse-prezidentlər postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.
Transparency.az bildirir ki, Azərbaycan Konstitusiyasına əsasən, referendum keçirilməsinə dair qərarı Milli Məclis və ya prezident qəbul edə bilər. Seçki Məcəlləsinə görə, seçkilər (referendum) səsvermə gününə azı 60 gün qalmış elan edilir. Səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.
Referendum keçirilməsinə dair qərarda referendumun keçirilməsi tarixi; referenduma çıxarılan aktın adı; referenduma çıxarılan aktın məzmununun qısa təfsiri; referendumun maliyyələşdirilməsi qaydası yer almalıdır. Qərara referenduma çıxarılan aktın layihəsi əlavə olunmalıdır. Aktın layihəsi referendum elan edildikdən sonra dəyişdirilə və ona əlavələr edilə bilməz.
Referenduma çıxarılan aktın layihəsi kütləvi informasiya vasitələrində referendumun təyin edilməsi haqqında qərarla birlikdə dərc edilməlidir. Seçici referendum aktının layihəsini səsvermə gününə azı 30 gün qalmış məntəqə seçki komissiyasından almaq hüququna malikdir.
Referendumda vahid seçici siyahısında olan seçicilərin 25%-dən azı iştirak etdikdə referendum baş tutmamış sayılır.
Referendumun rəsmi nəticələrini referendumdan sonra 25 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası elan edir. Referenduma çıxarılmış məsələ səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu onun lehinə səs verəndə qəbul edilmiş sayılır.
Ümumxalq səsverməsinə Mərkəzi Seçki Komissiyasının iclasında yekun vurulur və yekunlar referendumun nəticələri haqqında rəsmi bildiriş kimi elan edilir.
Mərkəzi Seçki Komissiyası referendum yolu ilə qəbul olunmuş qərarı və referendumun yekunları haqqında rəsmi elanı referendum yolu ilə qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək dərc edir.
Referendum yolu ilə qəbul edilmiş akt dərc edildiyi gündən qüvvəyə minir. Həmin akt qətidir, Azərbaycan Respublikasının bütün ərazisində məcburi hüquqi qüvvəyə malikdir və yalnız referendum yolu ilə ləğv oluna və ya dəyişdirilə bilər.