2002-ci ildən bəri Türkiyədə hakimiyyət başında olan Rəcəb Teyyub Ərdoğana və onun komandasına əsas ittihamlardan biri ölkədə siyasi islamı gücləndirməsidir. İyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdindən sonra siyasi islamın mövqelərinin daha da güclənəcəyi haqda mülahizələr var.
Çevriliş cəhdinin ardınca Türkiyə hakimiyyətinin atdığı sərt addımları (həbslər, işdən çıxarmalar) kütləvi repressiya saymaq mümkündürmü? Bu sərt addımlar ölkəni davamlı qarşıdurmalara sürükləyə bilərmi?
Ölkənin prezident idarə üsuluna keçməsi çevrilişdən sonra daha da aktuallaşırmı? Bu yöndə nələr ola bilər?
Transparency.az politoloq Elxan Şahinoğlunu bu mövzu ətrafında danışdırıb.
İyulun 15-i gecə Türkiyədə bir qrup hərbçi hakimiyyəti ələ almaq təşəbbüsü göstərib. Həmin gecə dövlət başçısı Rəcəb Teyyub Ərdoğan ölkə əhalisini hakimiyyəti müdafiə etmək üçün küçə və meydanlara çağırıb, qiyam yatırılıb. 350-dək adamın həlak olması, 3500-dən çox adamın yaralanması ilə nəticələnən 15 iyul çevriliş cəhdinin ardınca Türkiyədə 3 aylıq fövqəladə vəziyyət tətbiq olunub. Hakimiyyət çevriliş cəhdinin ABŞ-da mühacirətdə olan islamçı alim Fətullah Gülənin planı olduğunu iddia edir. Türkiyədə kütləvi həbslər, işdən çıxarmalar aparılır.
Elxan Şahinoğlu qeyd edib ki, indiki prezident Rəcəb Teyyub Ərdoğan hakimiyyətə gəldikdə əslində liberal islahatlara başlamışdı: “Amma tədricən mülayim islamın hakimiyyətdə və cəmiyyətdə yer alması üçün addımlar atıldı. Təhsil müəssisələrində baş örtüyü ilə bağlı müəyyən qadağalar aradan qaldırdı. Bu məsələdə hakimiyyət müxalif Milliyyətçi Hərəkat Partiyasından da dəstək almışdı. Çevriliş cəhdindən sonra Ərdoğan güclənib və təbii ki, o, bir sıra addımlar atacaq. Prezidentin səlahiyyətlərini artırmaq məqsədi ilə konstitusiya dəyişikliklərinə gediləcək, orduda ciddi islahatlar aparılacaq, ordu tamamilə prezident və hökumətdən asılı vəziyyətə salınacaq, digər iqtisadi və siyasi islahatlar da dərinləşə bilər.
Amma bir məsələ də var. Ərdoğan nə qədər güclənsə də, həmişə arxaya baxmaq məcburiyyətində qalacaq. Ona aydın oldu ki, çoxluğun dəstəyini almasına baxmayaraq təkbaşına qərarlar vermək Türkiyə cəmiyyətində problemlər yaradır. Ona görə ölkədə ciddi islamlaşma gedəcəyi inandırıcı deyil”.
“Türkiyə hakimiyyətinin çevriliş cəhdinin ardınca atdığı sərt addımlar, həbslər, işdən çıxarmalar davamlı qarşıdurmaya sürükləyə bilərmi” sualına cavab verən politoloq bir məsələdə diqqətli olmağı vacib bilib: “Bu çevriliş cəhdi ölkə tarixində ən qəddar hadisədir. Türkiyə 1960, 1971 və 1980-ci illərdə hərbi çevriliş yaşayıb. Həmin hadisələrdə mülki şəxslərə güllə atılmamışdı, harasa bomba yağdırılmamışdı. Bu dəfə isə sıravi vətəndaşları qırdılar, polisə atəş açdılar, yüzlərlə insan həlak oldu. Ona görə də, fikrimcə, Türkiyə hökuməti çox ciddi tədbirlər görəcək. Amma qorxulu olan günahsız insanların həbsə məruz qalmasıdır. Türkiyənin yaxın tarixində belə bir hadisə baş verib. Yüzlərlə hərbçi günahsız ola-ola yalanla, saxta ittihamlarla azadlıqdan məhrum edilib.
Həmin hadisələrdə Fətullah Gülən şəbəkəsinin rolu olub. Orduda, prokurorluq orqanlarında kök salan həmin şəbəkə onlarla razı olmayan generallara tələ qurdu və təəssüf ki, Türkiyə hökuməti bu tələyə düşdü, xeyli günahsız insan həbsə alındı, hərbçilər özünü güllələdi. Əlbəttə, bu hadisənin təkrarlanmasını kimsə istəməz. Amma hər halda çevrilişə cəhd baş verib, 300-dən artıq insan qətlə yetirilib. Buna görə ciddi tədbirlər görülməlidir. Sadəcə məsuliyyətə cəlb edilən minlərlə insanın içində günahsızların qurban getməməsi üçün diqqətli olmaq gərəkdir. Yoxsa “Ergenekon”, “Balyoz” əməliyyatlarına oxşar repressiyalar baş verə bilər”.