Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 228.2-ci maddəsinin Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərar çıxarıb.
Rəsmi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciətində Mülki Məcəllənin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsini istəyib.
Müraciətdə qeyd edilib ki, V.Həsənov cavabdeh T.Həsənovaya qarşı 6000 manat kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma barədə iddia ilə Bakının Nizami Rayon Məhkəməsinə müraciət edib. Birinci instansiya məhkəməsi iddianı təmin etmədiyindən iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verib. Apellyasiya məhkəmə icraatı zamanı iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək kompensasiya məbləğini 8000 manatadək artırmaq istədiyini bildirib.
Bakı Apellyasiya Məhkəməsi kompensasiya məbləğinin artırılması təklifinə dair ərizəni qəbul etməyib, bunu onunla əsaslandırıb ki, kompensasiyanın məbləğinin artırılması iddia predmetinin dəyişdirilməsini ehtiva edir, apellyasiya məhkəmə icraatı zamanı iddia predmetinin dəyişdirilməsinə isə mülki prosessual qanunvericiliklə yol verilmir.
Bu səbəbdən iddiaçı yenidən Nizami Rayon Məhkəməsinə müraciət edərək 8000 manat kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma barədə iddia qaldırıb.
Bakı Apellyasiya Məhkəməsi ikinci iddia üzrə işə baxarkən Mülki Məcəllənin 228.2-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər” müddəasının Mülki Prosessual Məcəllənin 53, 149.2.3 və 218.3-cü maddələri ilə müqayisəli şəkildə Konstitusiya Məhkəməsində şərh edilməsinin zəruri olduğu qənaətinə gəlib.
Transparency.az bildirir ki, işi araşdıran Konstitusiya Məhkəməsinin Plenumu belə bir qərar çıxarıb:
— Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil.
Birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir.
Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.