Ermənistanın paytaxtı Yerevanda gərginlik səngimir. Gərginlik iyulun 17-nə keçən gecə başlayıb. Həmin gecə patrul-mühafizə polkuna basqın edən silahlılar polis əməkdaşlarını girov götürüb, radikal müxalifətçi Jirayr Sefilyanı həbsdən buraxmaq tələbi qoyublar. Basqın zamanı polis polkovniki Artur Vanoyan həlak olub, 1 basqınçı, 5 polis yaralanıb.
İlk günlərdə basqınçılar bir neçə polis əməkdaşını azad etmişdilər. Sonuncu 4 polis, o cümlədən Ermənistan Polisinin rəis müavini Vardan Yeqizaryan və Yerevan polisinin rəis müavini Valeri Osipyan isə iyulun 23-də girovluqdan buraxılıblar. İndi basqınçıların əlində heç bir girov olmasa da, onlar silahı yerə qoymaqdan imtina edir, Jirayr Sefilyanın, başqa müxalifətçilərin azadlığa buraxılması və hökumətin istefası tələbləri səsləndirirlər.
“Yeni Ermənistan” və “Müəssislər parlamenti” hərəkatlarının lideri olan Jirayr Sefilyan ötən ay tutulub, qanunsuz silah saxlamaqda ittiham olunur.
49 yaşlı Jirayr Sefilyan Livanın paytaxtı Beyrutda doğulub. 1990-cı ildə hərbi təlimçi kimi Ermənistana göndərilib. 1991-ci ildə Dağlıq Qarabağa gəlib və Azərbaycan torpaqlarının işğalında iştirak edib. Uzun müddət Dağlıq Qarabağdakı işğalçı orduda yüksək vəzifələr tutub.
2000-ci ildən siyasi fəaliyyətlə məşğul olan Jirayr Sefilyan radikal müxalif mövqedə durur və buna görə bir neçə dəfə həbs edilib.
Novator.az-ın məlumatına görə, iyulun 24-ü axşam basqınçılar patrul mühafizə polkundan 15 metr aralıda olan polis mikroavtobusunu yandırıblar. Onlar havadan çəkiliş aparan dronu da məhv ediblər. Basqınçıların bu addımı elektrik enerjisinin, rabitənin, ərzaq təminatının kəsilməsinə etiraz əlaməti olaraq atdığı bildirilir.
İyulun 23-də basqınçılarla danışıq aparmış Dağlıq Qarabağ təmsilçisi, general Vitali Balasanyan jurnalistlərə deyib ki, Ermənistan prezidenti Serj Sərkisyan məhbus Jirayr Sefilyanla görüşməyə hazırdır, ancaq bunun üçün patrul-mühafizə polkunu ələ keçirmiş şəxslər silahı yerə qoyub təslim olmalıdırlar.
Basqınçılar Vitali Balasanyanın vasitəçiliyindən imtina ediblər. Onlar hökumət nümayəndələri ilə danışıqlarda Qarabağ müharibəsi zamanı polk komandiri olmuş Aşot Minasyanın vasitəçi olması təklifini irəli sürüblər.