İqtisadçı Samir Əliyev bir neçə bankın çökməsini şərh edib.
Maliyyə Bazarlarına Nəzarət Palatası iyulun 21-də “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”ın lisenziyalarının ləğvinə qərar verib. Qərar bankların fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi, nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirməməsi və digər problemlərlə əsaslandırılıb.
Transparency.az-ın məlumatına görə, Samir Əliyev yazır ki, birinci devalvasiyadan sonra bankları kiçik istisnalarla qorumaq mümkün idisə, ikinci devalvasiyadan sonra bunun mümkünsüz olduğu aydın idi: “Bu vaxtadək 12 bank devalvasiyanın qurbanı olub. Onların 2-si birinci, 10-u ikinci devalvasiyadan sonra bağlanıb. Bir bank – “NBC Bank” lisenziyasını bərpa edə bilib.
Bankların dörddə biri lisenziyasız qalıb. Devalvasiyalardan sonra bankların valyuta mövqeləri pozulub, aktivləri pisləşib, beynəlxalq reytinqləri aşağı düşüb, kreditləşmələri məhdudlaşıb, əmanətləri dollarlaşıb. Bütün bunlara görə bankların gəlirləri kəskin azalıb, problemli kreditlərin artması nəticəsində bankların əhali və xarici qurumlar qarşısında öhdəliklərinin yerinə yetirməsində çətinliklər ortaya çıxıb. Bu isə ölkənin maliyyə sabitliyini təhlükə altına qoyur.
Maliyyə Bazarlarına Nəzarət Palatası bankları bağlayanda bir sıra səbəbləri əsas götürüb: aktivlərin qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirilməməsi, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaradılmaması, məcmu kapitalın minimum məbləği tələbinə əməl edilməməsi, təhrif edilmiş hesabatların təqdim olunmaması, bütövlükdə cari fəaliyyətlərin etibarlı və prudensial qaydada idarə olunmaması, nəzarət orqanının verdiyi yazılı göstərişlərin yerinə yetirilməməsi. Qanunvericiliyə görə, bu səbəblərin biri onların bağlanması üçün əsasdır. Bəs oxşar vəziyyətdə olan digər banklara, o cümlədən Beynəlxalq Bank və “Bank Standard”a münasibətdə niyə analoji addım atılmadı? Təkcə Beynəlxalq Banka verilən yardımın həcmi ilə yerdə qalan bütün bankları xilas etmək olardı. Beynəlxalq Bankın arxasında dövlət durub. “Bank Standard”ı isə cəlb etdiyi depozitlərin həcmi qorudu”.
Ekspert yazır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası əsaslandırmaları çox ümumi şəkildə təqdim edir: “Oxşar səbəbləri digər banklara da şamil etmək olar. Sistem əhəmiyyətli bankları çıxmaq şərti ilə həmin əsaslarla bağlanmalı digər banklar da var. Prosesin şəffaf aparılmaması çoxlu sual yaradır və arxasız bankların sıradan çıxarılması fikrini qüvvətləndirir”.
Samir Əliyevin fikrincə, yaxın dövrdə daha 3-4 bankın bağlanması ehtimalı var: “Depozit portfelinin kiçikliyi bankların bağlanmasını asanlaşdıran meyarlardan biridir. Bankların sağlamlaşdırılması və bağlanması prosesi şəffaf aparılmadığından qərarların subyektiv şəkildə verilməkdə davam edəcəyini deməyə əsas yaranır. Hər bir halda bankaların maliyyə problemlərinin aradan qaldırılması, sağlamlaşdırılması onları bağlanmaq təhlükəsindən xilas etməyəcək. Manat getdikcə mövqelərini itirir və proses zəif olsa belə davam edəcək. Problemli kreditlər banklar üçün mina rolunu oynamaqda davam edir. Real sektor zəif inkişaf etdiyindən və getdikcə də kiçildiyindən bankların fəaliyyəti məhdudlaşdır.
Bankların kapitallaşması onları bir müddət qorusa da, gələcəkdə iflasdan xilas edə bilməyəcək. Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarları daha çox strateji xarakter daşıyır. Yəni bankların getdikcə sayının azaldılması prioritet olaraq qalacaq. Ona görə də banklar təcili birləşməyə qərar verməlidir”.