İqtisadçı ekspert Vüqar Bayramov bağlanan banklarda əmanəti və krediti olan vətəndaşlara faiz məsələsində fərqli qaydaların tətbiq olunduğunu yazır.
Maliyyə Bazarlarına Nəzarət Palatası iyulun 21-də “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”ın lisenziyalarının ləğvinə qərar verib. Qərar bankların fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etməməsi, nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirməməsi və digər problemlərlə əsaslandırılıb.
Bağlanan banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, əhalinin qorunan əmanətləri ödənəcək. Lisenziyası ləğv olunan 4 bankda əhalinin üst-üstə 140 milyon 300 min manat məbləğində qorunan əmanəti var.
Transparency.az-ın məlumatına görə, Vüqar Bayramov Əmanətlərin Sığortalanması Fondunun geri qaytardığı əmanətlər üzrə faizləri ədalətli hesablamadığını düşünür: “Bağlanan banklarda müflisləşmə qərarından sonra əmanətlər üzrə faizin hesablanmasının dayandırılması, amma kreditlər üzrə faizin hesablanmasının davam etdirilməsi diqqəti çəkən məqamlardandır. Məsələn, bir şəxsin bağlanan bankların birində əmanəti, digərindən isə krediti var. Hər iki bank müflis elan edilib. Bu zaman bir bankda onun əmanətinə faiz hesablanması dayandırılır, amma digərində kreditinə faiz hesablanmaqda davam edir.
Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən, əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənir. Sığorta hadisəsi baş verəndən sonra yaranan xərclərə isə fond məsul deyil. Amma vətəndaşın qorunan əmanətini geri alması bəzən bir neçə ay zaman tələb edir və həmin aylara faiz hesablanmır. Kredit faizlərini isə vətəndaş banka fasiləsiz ödəmək məcburiyyətindədir. Bu isə o deməkdir ki, vətəndaşın öhdəliyi ilə bankın öhdəliyi bir-birindən fərqləndirilir.
Fondun qoruduğu əmanətlərə görə hesablanmış faizin sığorta hadisəsi baş verən günədək deyil, məhz əmanətçinin öz pulunu aldığı günədək hesablanmasına ehtiyac var. Digər tərəfdən mövcud qaydalara əsasən, əmanətçiyə kompensasiyanı ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində fond ödəyir. Eyni zamanda müstəsna hallarda Himayəçilik Şurasının qərarı ilə kompensasiyanın ödənilməsi 90 günədək uzadıla bilər. Deməli, əmanətçi öz pulunu 6 aydan sonra da ala bilər. Əgər vətəndaşa əmanət 180 gündən sonra ödəniləcəksə, o zaman bankın müflisləşməsindən keçən həmin müddətə faiz niyə hesablanmasın ki?”