Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, iyulun 18-də Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsi ilə bağlı plenum iclası iyulun 25-i səhər saat 10-a təyin olunub.
Prezident İlham Əliyev iyulun 18-də konstitusiyaya dəyişikliklər təşəbbüsü ilə çıxış edib. İyulun 19-da rəsmi mətbuatda dərc olunan referendum aktı rəy üçün Konstitusiya Məhkəməsinə göndərilib.
Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin konstitusiyanın 155-ci maddəsinin tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil olunmalıdır.
Konstitusiyanın 155-ci maddəsi ana qanuna dəyişikliklər təklif edilməsi təşəbbüsünü məhdudlaşdırır. Maddənin tələbinə görə, konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.
İyulun 18-də təqdim olunmuş referendum aktı layihəsində konstitusiyanın 9, 24, 25, 29, 32, 36, 47, 49, 53, 56, 57, 58, 59, 60, 68, 71, 85, 89, 100, 101, 105, 121, 126-cı maddələrində dəyişikliklər təklifi yer alır. Eyni zamanda konstitusiyaya bir neçə yeni maddə təklif olunur.
Dəyişikliklər prezident seçilmək üçün 35 yaş şərtini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir. Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək. Hazırda bu səlahiyyət baş nazirdədir.