Prezident İlham Əliyev iyulun 18-də konstitusiyaya dəyişikliklər təşəbbüsü ilə çıxış edib. İyulun 19-da rəsmi mətbuatda dərc olunan referendum aktı rəy üçün Konstitusiya Məhkəməsinə göndərilib.
Konstitusiya Məhkəməsi prezidentin layihəsinə hansı müddətdə baxmalıdır? Transparency.az bildirir ki, bu məsələni “Konstitusiya Məhkəməsi haqqında” qanunun 61-ci maddəsi tənzimləyir. Həmin maddəyə görə, Konstitusiya Məhkəməsi Milli Məclisin və ya prezidentin konstitusiya mətnində dəyişikliklər edilməsi təkliflərinə rəy verməkdən imtina edə bilməz.
Milli Məclisin və prezidentin təkliflərinə Konstitusiya Məhkəməsinin Plenumunda baxılması onların dərc olunduğu gündən ən geci 7 gün keçənədək başlanmalıdır.
Prezident İlham Əliyevin konstitusiyaya dəyişikliklər layihəsinin iyulun 19-da dərc olunduğunu nəzərə alsaq, Konstitusiya Məhkəməsi məsələyə ən geci iyulun 26-da baxmağa başlamalıdır.
Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin konstitusiyanın 155-ci maddəsinin tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.
Konstitusiyanın 155-ci maddəsi ana qanuna dəyişikliklər təklif edilməsi təşəbbüsünü məhdudlaşdırır. Maddənin tələbinə görə, konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.
İyulun 18-də təqdim olunmuş referendum aktı layihəsində konstitusiyanın 9, 24, 25, 29, 32, 36, 47, 49, 53, 56, 57, 58, 59, 60, 68, 71, 85, 89, 100, 101, 105, 121, 126-cı maddələrində dəyişikliklər təklifi yer alır. Eyni zamanda konstitusiyaya bir neçə yeni maddə təklif olunur.
Dəyişikliklər prezident seçilmək üçün 35 yaş şərtini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir. Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək. Hazırda bu səlahiyyət baş nazirdədir.