Müsavat Partiyası Divanının iyulun 19-da keçirilən növbədənkənar iclasında prezident İlham Əliyevin Konstitusiya Məhkəməsinə rəyə göndərdiyi ana yasaya dəyişikliklər layihəsi müzakirə olunub.
Prezident Azərbaycan Konstitusiyasına dəyişikliklər təşəbbüsü ilə iyulun 18-də çıxış edib. Təqdim olunan referendum aktı prezident seçilmək üçün 35 yaş şərtini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır. Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir.
Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək. Hazırda bu səlahiyyət baş nazirdədir.
Bastainfo.com-un məlumatına görə, Müsavat Divanında müzakirələrdən sonra qəbul olunan bəyanatda konstitusiyaya dəyişikliklər təşəbbüsünün Azərbaycanda avtoritarizmin möhkəmlənməsinə yönəldiyi vurğulanır: “Son illər Azərbaycan hakimiyyəti tez-tez qanunvericilikdə və konstitusiyada dəyişikliklər edir. Təəssüf ki, bu dəyişikliklər bir qayda olaraq neqativ dəyişikliklər olmaqla idarəçiliyin daha da sərtləşməsinə, demokratik cəmiyyət quruculuğuna əngəl yaratmağa xidmət edir.
Son belə konstitusiya dəyişiklikləri 2009-cu ildə oldu. Demokratik seçkilərin keçirilməsi üçün normal seçki sisteminin mövcud olmadığı şəraitdə referendum keçirilərək demokratik cəmiyyət quruculuğu üçün çox vacib prinsiplərdən biri olan bir nəfərin iki dəfədən çox prezident seçilməsinə qadağa qoyan müddəa aradan qaldırıldı.
İlham Əliyevin Konstitusiya Məhkəməsinə göndərdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin məzmunu da göstərir ki, hakimiyyət avtoritar rejimi daha da sərtləşdirmək, ölkədə prezident hakimiyyətini mütləqləşdirmək niyyətindədir.
Prezidentlik müddətinin 7 ilədək artırılmasını, prezidentin təyin etdiyi, Milli Məclisdə təsdiq olunmayan vitse-prezidentlik institutunun yaradılmasını, prezident seçilmək üçün aşağı yaş həddinin aradan qaldırılmasını nəzərdə tutan əlavə və dəyişikliklər layihəsinin irəli sürülməsi ölkədə avtoritar rejimin daha da gücləndirilməsi meyllərindən xəbər verir. Prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi, parlamentin səlahiyyətlərinin, torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması və başqa müddəalar da mürtəce xarakter daşıyır.
Müsavat Partiyası indiki, demokratik seçki sisteminin mövcud olmadığı şəraitdə bu dəyişiklikləri nəzərdə tutan referendumun keçirilməsini ölkədə avtoritarizmin daha da möhkəmləndirilməsinə xidmət etdiyini, dövlətimizin və xalqımızın mənafelərinə zidd olduğunu əsas götürərək belə referendumun keçirilməsinə yol verməmək üçün konstitusiya və qanunların imkan verdiyi bütün vasitələrdən istifadə edərək mübarizə aparacağını bəyan edir.
Müsavat Partiyası ölkədə fəaliyyət göstərən bütün siyasi və ictimai təşkilatları, ölkə ziyalılarını, gəncləri, bütün Azərbaycan xalqını cümhuriyyətçilik ideyaları uğrunda birgə mübarizəyə çağırır”.
Müsavatın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər də referendum aktına münasibət bildirib. O, “Facebook” şəbəkəsində qeyd edib ki, hakimiyyət 1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyasını hər 7 ildən bir referendum keçirib daha da pisləşdirir: “2002-ci il – dövlətdə ikinci şəxs olmaq və prezidenti əvəz etmək yetkisi parlament sədrindən alınıb baş nazirə verilir. 2009-cu il – eyni şəxsin 2 müddətdən çox prezident ola bilməməsi məhdudiyyəti ləğv edilir. 2016-cı il – indi də prezidentliyə namizəd yaşının aşağı həddinin ləğvi, prezidentlik müddətinin 7 ilə qaldırılması, prezidentin səlahiyyətlərinin artırılması, parlamentin, baş nazirin və bütün vətəndaşların hüquq və səlahiyyətlərinin məhdudlaşdırılmasına can atırlar. Bizi – bütün xalqı çətin yay gözləyir. Bu rejimin monarxiya yolunda növbəti addımının qarşısının alınması üçün mümkün hər şeyi etməliyik”.