Siyasi qüvvələr konstitusiyaya dəyişikliklər layihəsinə münasibət bildirib.
İyulun 18-də prezident İlham Əliyev Azərbaycan Konstitusiyasına dəyişikliklər təşəbbüsü ilə çıxış edərək layihəni Konstitusiya Məhkəməsinə rəyə göndərib. Referendum aktında dövlət başçısının parlamenti buraxmaq səlahiyyəti yer alır. Nəzərdə tutulan başqa yenilik prezident seçilmək üçün 35 yaş senzini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır.
Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir. Layihə Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini də nəzərdə tutur. Sənədə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.
Müsavat Partiyasının başqanı Arif Hacılı “Azadlıq” radiosuna deyib ki, görünür, hakimiyyət mövcud qanunvericiliyi avtoritar, monarxist rejim qurmaqdan ötrü yetərli hesab etmir, ona görə də konstitusiyada dəyişikliklər etmək qərarına gəlib: “Hakimiyyət ölkədə monarxiya rejimi qurmağa, hətta 5 ildən bir saxta seçki keçirərək özünə problem yaratmamağa çalışır”.
Arif Hacılı prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması və prezident seçilmək üçün qoyulan 35 yaş məhdudiyyətinin götürülməsini ailədən kənar namizədlərin qarşısının alınması kimi dəyərləndirir: “Hakimiyyət ailədən kənar şəxslərin yaş həddi və digər məsələlərlə bağlı namizəd axtarışlarını belə əngəlləməyə çalışır. Faktiki olaraq öz gücünü diktə edir, cəmiyyəti bu yolla tamamilə əzməyə, cəmiyyətdə gələcəkdə demokratik inkişafa ümidsizlik, çıxılmazlıq əhval-ruhiyyəsi yaratmağa çalışır”.
Müsavat başqanı əlavə edib ki, partiyası indiki antidemokratik, xalqın iradəsini müəyyən edəcək seçki sisteminin mövcud olmadığı şəraitdə belə bir referendumun keçirilməsinə etiraz edəcək, bunun qarşısını almağa çalışacaq.
APA-nın məlumatına görə, Azərbaycan Konstitusiyasına dəyişikliklər təklifini Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinə şərh edən partiya sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, dəyişikliklər təşəbbüsü daha çox xarici faktorlardan qaynaqlanır: “Dünyada və regionda baş verən olaylar ciddi narahatlıq doğurur. Ermənistanla danışıqlar uğursuz olarsa, Azərbaycanı qanlı savaş gözləyir. Yəqin iqtidar bu çağırışlara hazır olmaq istəyir və ölkədə davamlı sabitliyin təmin olunmasını prezidentlik institutunun gücləndirilməsində görür”.
AXCP sədri Əli Kərimli “Facebook” şəbəkəsində yaydığı açıqlamada deyib ki, dövlət başçısı İlham Əliyevin prezidentlik müddətini 5 ildən 7 ilə qaldırmaq, özünə hakimiyyətini istədiyi vaxt ötürə biləcəyi birinci vitse-prezident təyin etmək, prezident seçilmək üçün 35 yaş məhdudiyyətini ləğv etmək istəyi ölkədə de-fakto mövcud olan qeyri-məhdud ailə hakimiyyətini konstitusiyalaşdırmaq cəhdidir: “Əvvəllər bunu edirdilər, amma qanuna salmağa utanırdılar. İndi daha utanmırlar. Cümhuriyyətimizin quruluşunun 99-cu ilində ölkəmizdə ömürlük hakimiyyəti, ailə hakimiyyətini “qanuniləşdirmək” cəhdi xalqa qarşı təhqirdir. Xalq olaraq toparlanmalıyıq, heç şübhəsiz ki, bu referendum oyununa ciddi etiraz etməliyik”
“Azadlıq” radiosuna danışan Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa konstitusiyaya dəyişikliklər layihəsinin Konstitusiya Məhkəməsinə göndərildiyini xatırladıb: “İndi bu məsələ Konstitusiya Məhkəməsinin səlahiyyətindədir. Məhkəmə baxıb rəy verərsə ki, referenduma buraxılsın, o vaxt fikrimizi açıqlayarıq. Hər halda təklifdir, prezidentin belə bir hüququ var. Hansı əsaslandırma ilə verilib, yəqin ki, aydın olacaq. Konstitusiya Məhkəməsinin rəyi olmadan, hansısa fikir söyləmək nə dərəcədə düzgün olar, bilmirəm”.
Fazil Mustafa əlavə edib ki, prezident seçilmək üçün yaş senzinin aradan qaldırılması normal haldır, çünki istənilən yaşda şəxsin prezident seçkilərinə qatılmasına yol açılır: “Vətəndaşlara təklif olunur, referendumda qiymətləndirəcəklər, səs verəcəklərsə, keçəcək, səs verməyəcəklərsə, keçməyəcək”.
REAL Hərəkatının liderlərindən olan Erkin Qədirli “Facebook”da belə bir rəy yazıb: “Konstitusiyaya təklif olunmuş düzəlişlər layihəsini oxuyuram. Aralarında yaxşı və doğru olanları var. Amma onları qoyaq bir qırağa. Əsas məsələ siyasi sistemdə nəzərdə tutulmuş dəyişikliklərdir. Tam məsuliyyətimlə deyirəm, bu dəyişikliklər sistemi nəinki böhrandan çıxarmayacaq, əksinə, onu daha dərin böhrana salacaq. Bundan sonra problem sistemdə deyil, sistem problemdə olacaq”.
REAL-ın başqa bir öncül şəxsi Natiq Cəfərli “Facebook”da yazır ki, konstitusiya dəyişiklik təklifləri sistemin daşlarını yerindən oynadır: “Niyyət yaxşı olsa, bu təklifləri təkmilləşdirmək, siyasi islahatlara başlamaqla iqtisadi fəlakətin qarşısını almaq olar. Bunun üçün məsuliyyət və səlahiyyətlər bölüşdürülməli, prezidentin səlahiyyətləri azaldılmalı, parlament respublikasına keçid elan edilməli, maliyyə amnistiyası tətbiq edilməli, prezident və ailəsinə gələcəkləri ilə bağlı tam zəmanət verilməli, mülkiyyət toxunulmazlığı və qanunun aliliyi təmin edilməlidir.
Ana yasamızı dəyişiriksə, ağılla, gələcəkdə uğurlu idarəetmə modelinə keçid üçün dəyişməliyik. Əgər məqsəd bir ailənin hakimiyyətini daha da möhkəmləndirməkdirsə, yanlış yoldur, bu dəyişikliklər, tam tərsi, hakimiyyətlərini ciddi zəiflədəcək, azalan “piroq” uğrunda, vitse-prezidentliklər uğrunda klanlararası savaşı daha da dərinləşdirəcək”.