Prezident İlham Əliyevin iyulun 18-də təqdim etdiyi konstitusiya dəyişiklikləri layihəsində (Referendum aktı) ana yasanın 29-cu – “Mülkiyyət hüququ” maddəsində də yenilik nəzərdə tutulub. Həmin maddəyə aşağıdakı bəndlərin əlavə edilməsi təklif olunur:
— xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur;
— sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Rövşən Ağayev torpaq hüququna məhdudiyyətlərin qoyulması təşəbbüsünü şərh edərək yazır ki, hazırda ölkənin torpaq qanunvericiliyində buna dair bəzi mexanizmlər var, həmin məhdudiyyətlər beynəlxalq təcrübədə də tətbiq edilir: “Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə və torpaq vergisi üzrlü səbəb olmadan 1 il ödənilmədikdə xüsusi mülkiyyətdə olan torpaqlar üzərində hüquqlara xitam verilməsinə əsaslar yarana bilər.
Beynəlxalq təcrübədə kənd təsərrüfatı torpaqlarının bir əldə cəmlənməsinin qarşısını almaq üçün 1 şəxsin adına ala biləcəyi torpaq sahəsinin maksimum həddinə limit qoyulur. Bu, bizdə də var və ərazi üzrə torpaq normasının 500 mislini təşkil edir. Məsələn, 1996-2000-ci illərdə həyata keçirilən islahatlarda hər hansı ərazidə adambaşına orta torpaq norması 0,2 hektar olubsa, eyni şəxsin adına həmin ərazidə 100 hektardan artıq torpaq alına bilməz.
Fərdi ev tikintisi üçün torpaq əldə olunmasına məhdudiyyətlər var. Ölkənin inzibati ərazilərindən asılı olaraq bir şəxs üçün maksimum 12 sotdan çox torpaq alına bilməz.
Amma bir mühüm mütərəqqi məhdudiyyət beynəlxalq təcrübədə var, bizdə yoxdur. Yaxınlarda Türkiyədə də bu məhdudiyyət hüquqi olaraq tətbiq edilməyə başlandı. Söhbət nədən gedir? Kənd təsərrüfatı torpaqları kiçik hissələrə (məsələn, 1 hektardan az) bölünərək satıla bilməz. Yəni sizin 2 hektar torpağınız varsa, onu tam sata bilərsiniz. Amma bizim hökumət sosial ədalət devizi altında torpaq hüququna məhdudiyyətlər qoymağı planlayır. Ölkədə iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, insanlar özlərinin iqtisadi azadlıqlarını təmin edə-edə siyasi proseslərə qarışa bilsin. Bu imkan müstəsna olaraq yalnız torpaq mülkiyyətçilərinə məxsusdur. Əllərinin qabarı, alınlarının təri ilə torpaq hesabına ailələrinə çörək qazanan insanlar imkan olanda yaşadıqları ərazidə haqsızlığa baş əymirlər. Bunun ən bariz nümunəsi əyalət müxalifətçiləridir.
Bu gün ölkənin kənd təsərrüfatına yararlı torpaqlarının çox az hissəsi – təxminən 25 faizi (1,3 milyon hektar) xüsusi mülkiyyətdədir. Real bazar dəyəri ilə qiymətləndirilsə, təxminən 1,5 milyon kəndliyə məxsus bu torpaqların bazar qiyməti 3-5 oliqarxın əlində olan 10-15 sənaye və turizm obyektinin dəyəri qədərdir. Təki yanılım, mən təklif olunan dəyişiklikdən insanların iqtisadi azadlıqlarının boğulması üçün istifadə olunacağından ehtiyatlanıram”.
“Azadlıq” radiosuna danışan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli konstitusiyaya bu cür dəyişiklikləri mülkiyyət hüququna böyük təhlükə hesab etdiyini vurğulayıb: “Sosial ədalət və ictimai tələblər bəhanədir. Fakt budur ki, mülkiyyət insanların əlindən alına bilər və bu, konstitusiyaya daxil edilir. Konstitusiya ilə bu imkan verilincə sonrakı qanunlar adamların mülkiyyət hüququnun əlindən alınmasına daha geniş imkanlar yaradacaq. İndiki ağır böhran şəraitində bu, çox ziyanlı düzəlişdir. Ölkəyə xarici investisiyaların gəlməsi, iş adamlarının qaçmaması lazımdır. Amma belə vaxtda mülkiyyət hüququnun insanların əlindən alınmasının konstitusion əsası yaradılır. Onsuz da insanların mülkiyyəti əllərindən alınırdı. İndi isə bunu qanunla etməyə, adi həyat normasına çevirməyə çalışırlar. İrəli sürülən bu təşəbbüslər respublika hakimiyyətini xalq hakimiyyəti görüntüsündə aradan qaldırmağa yönəldilib”.