Prezident İlham Əliyevin 15 iyul fərmanı ilə Maliyyə Sabitliyi Şurası yaradılıb. Makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılan şuraya baş nazir Artur Rasizadə sədrlik edir. Qurumun üzvləri bu şəxslərdir: Natiq Əmirov – prezidentin iqtisadi islahatlar üzrə köməkçisi, Samir Şərifov – maliyyə naziri, Şahin Mustafayev – iqtisadiyyat naziri, Elman Rüstəmov – Mərkəzi Bankın sədri, Rüfət Aslanlı – Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri, Şahmar Mövsümov – Dövlət Neft Fondunun icraçı direktoru.
Şuraya bir ay müddətində ölkədə maliyyə-kredit sektorunun mövcud vəziyyətini təhlil etmək, habelə qanunvericilik bazasının ekspertizasını həyata keçirmək, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflərini hazırlamaq tapşırılıb.
Fərmana münasibət bildirən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı AZƏRTAC-a deyib ki, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olunması məqsədilə yaradılan Maliyyə Sabitliyi Şurasının əhəmiyyəti böyükdür: “Şuranın tərkibinə həm maliyyə, həm də fiskal siyasətə cavabdeh olan qurumların rəhbərləri daxil edilib. Bu isə o deməkdir ki, maliyyə və fiskal siyasətlərin uzlaşdırılması üçün daha çevik vahid platforma yaranır. Maliyyə Sabitliyi Şurasının tərkibinə baxılsa, burada üç tərəfin təmsil olunduğu görünür. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabinetinə birbaşa tabeçiliyi olan Maliyyə və İqtisadiyyat nazirlikləri, həmçinin Nazirlər Kabinetinə daxil olmayan Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və Dövlət Neft Fondu. Beləliklə, Azərbaycanda aparılan institusional islahata əsasən iqtisadiyyata cavabdeh olan hər üç blok qurumlar bir platformada birləşir. Bu mənada Azərbaycanın baş nazirinin Maliyyə Sabitliyi Şurasına rəhbərlik etməsi makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığının təmin edilməsi sahəsində fəaliyyətin sistemli əlaqələndirilməsini təmin edəcək”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru qeyd edib ki, hazırda makro və fiskal siyasəti yürüdən qurumların Nazirlər Kabinetinin strukturunda olması, digər tərəfdən isə monetar siyasətə cavabdeh Mərkəzi Bankın, meqarequlyator olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının və iqtisadiyyatın xarici valyuta təminatında aparıcı rola malik olan Dövlət Neft Fondunun isə Nazirlər Kabinetinin strukturunda yer almaması fiskal və maliyyə siyasətlərinin daha dərin koordinasıyasını zəruri edib: “Bu mənada Maliyyə Sabitliyi Şurası bütün resursları mobilizasiya edərək makro çərçivəni daha dəqiq müəyyənləşdirməyə, həmçinin fiskal və maliyyə siyasətlərinin bir-birini tamamlamasına zəmin hazırlayır”.
Vüsal Qasımlı deyib ki, dünya təcrübəsində maliyyə sabitliyi şuraları 2010-cu ildə ABŞ-da, 2012-ci ildə İsveçdə, 2013-cü ildə Almaniya və Xorvatiyada yaradılıb: “Türkiyədə Maliyyə Sabitliyi Şurası 2011-ci ildə yaradılıb və Xəzinə Katibliyi, Mərkəzi Bank, Bankçılıq Tənzimləmə və Nəzarət Agentliyi, Kapital Bazarları Şurası və Əmanətlərin Sığortalanması Fondunu əhatə edib. Dünya təcrübəsinin təhlili göstərir ki, iqtisadi siyasətin ayrı-ayrı istiqamətlərinə cavabdeh olan qurumların bir platformadan koordinasiya olunması müsbət səmərəsini verir. Azərbaycanda da Maliyyə Sabitliyi Şurası uğurlu xarici analoqlarının nümunəsinə uyğun olaraq ölkədə makroiqtisadi sabitliyin və maliyyə dayanıqlılığının təmin edilməsində mühüm rol oynayacaq”.