Prezident İlham Əliyev Azərbaycan Konstitusiyasına dəyişikliklər təşəbbüsü ilə çıxış edib. Rəsmi məlumata görə, dövlət başçısı sərəncam imzalayaraq “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsini Konstitusiya Məhkəməsinə rəy verilməsinə göndərib.
İyulun 18-də imzalanan sərəncam referendum aktı layihəsinin dərcini də nəzərdə tutur.
Referendum aktında dövlət başçısının parlamenti buraxmaq səlahiyyəti yer alır. Ana qanuna əlavə olunması nəzərdə tutulan 98-1-ci maddəyə görə, Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası prezidentinin təqdimatına əsasən Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və başqa bir neçə halda prezident Milli Məclisi buraxır.
Transparency.az bildirir ki, nəzərdə tutulan başqa yenilik prezident seçilmək üçün azı 35 yaş şərtini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır.
Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir. Bu zaman seçki indiki kimi 3 ay ərzində deyil, 60 gün ərzində keçiriləcək.
Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək. Hazırda bu səlahiyyət baş nazirdədir.