Müstəqilliyini 1991-ci ilin ikinci yarısında bərpa etmiş Azərbaycanda indiyədək 5 referendum keçirilib.
Transparency.az bildirir ki, 1991-ci il dekabrın 29-da keçirilmiş 1-ci referendumda parlamentin oktyabrın 18-də qəbul etdiyi dövlət müstəqilliyi aktına münasibət öyrənilib.
Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, referendumda seçici siyahılarına daxil edilmiş vətəndaşların 95,27 faizi iştirak edib, 99,58 faizi dövlət müstəqilliyinin lehinə, 0,2 faizi isə əleyhinə səs verib.
2-ci referendum 1993-ci il avqustun 29-da prezident Əbülfəz Elçibəyə etimadla bağlı olub. Həmin il iyunun 24-də Milli Məclis Elçibəyi prezident səlahiyyətindən məhrum edən qərar çıxarıb. 29 avqust referendumu bu qərardan irəli gəlib.
MSK 3 milyon 767 min 928 nəfərin iştirak etdiyi ümumxalq səsverməsində 92,02 faizin Elçibəyə etimad göstərilməsi əleyhinə səs verdiyini açıqlayıb.
1995-ci il noyabrın 12-də keçirilmiş 3-cü referendum Azərbaycan Konstitusiyasının qəbulu məsələsinə həsr edilib.
Rəsmi nəticələrə görə, 3 milyon 556 min 277 nəfərin iştirak etdiyi referendumda 91,9 faiz yeni konstitusiyanın lehinə, 6,63 faizi əleyhinə səs verib.
2002-ci il avqustun 24-də keçirilmiş 4-cü referendum Azərbaycan Konstitusiyasında dəyişikliklərə yönəlib. Mərkəzi Seçki Komissiyası ölkə üzrə 83,86 faiz seçicinin referendumda iştirak etdiyini elan edib.
Referendumun əsas nəticəsi parlament seçkisində proporsional sistemin ləğvi və baş nazirin ölkənin ikinci ali vəzifəli şəxsi statusuna gətirilməsi olub.
2009-cu il martın 18-də Azərbaycanda ana yasa dəyişikliyini nəzərdə tutan daha bir referendum keçirilib. Ölkə üzrə seçicilərin fəallığı 70,83 faiz olub.
5-ci referendumda Azərbaycan prezidenti seçilməyə məhdudiyyət aradan qaldırılıb. Konstitusiyanın əvvəlki variantına görə, eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Azərbaycan prezidenti seçilə bilməzdi.
2016-cı il iyulun 18-də Prezident İlham Əliyev Azərbaycan Konstitusiyasına dəyişikliklər təşəbbüsü ilə çıxış edib. Təqdim olunan referendum aktı prezident seçilmək üçün 35 yaş şərtini aradan qaldırır, dövlət başçısının səlahiyyət müddətini 5 ildən 7 ilə artırır.
Dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək səlahiyyəti verilir.
Başqa bir yenilik Azərbaycan Respublikasının vitse-prezidentləri postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətlərini birinci vitse-prezident icra edəcək. Hazırda bu səlahiyyət baş nazirdədir.
Prezident İlham Əliyevin konstitusiyaya dəyişikliklər təşəbbüsü qəbul olunub referendum təyin edilsə, bu, müstəqil Azərbaycanda baş tutan 6-cı referendum olacaq.