Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib. Qurum Əmək Məcəlləsinin 233-cü (soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması) maddəsinə əsaslanaraq bildirir ki, havanın temperaturu müsbət 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.
Rəsmi məlumatda qeyd olunur ki, belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməlidir.
Fasilələr iş vaxtına daxil edilməli, fasilələr zamanı əməkhaqqının işçilərin tarif maaşına görə ödənilməsi təmin olunmalıdır. İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək havanın temperaturu müsbət 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını tövsiyə edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 18 iyul məlumatına görə, iyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraiti olacaq. Zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.
Qurum xəbərdarlıq edir ki, iyulun 18-dən 22-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 33-38 dərəcə olacaq, bəzi ərazilərdə isə 41 dərəcəyədək yüksələcək. İyulun 23-dək Azərbaycanın rayonlarında isti hava şəraiti davam edəcək, maksimal temperatur 35-40, bəzi yerlərdə isə 43 dərəcə isti olacaq.