Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana rəsmi səfəri iyulun 14-ü axşam başa çatıb. Bakının beynəlxalq aeroportunda Ukrayna prezidentini baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
AZƏRTAC-ın məlumatına görə, dünən Pyotr Poroşenko ilə birgə brifinq keçirən prezident İlham Əliyev deyib ki, həm təkbətək görüşdə, həm də Prezidentlər Şurasının iclasında Ukrayna-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri geniş müzakirə olunub və gələcək birgə fəaliyyət üçün addımlar müəyyən edilib: “Şuranın gündəliyi çox geniş idi. Bir çox önəmli məsələ müzakirə edildi — energetika, nəqliyyat, hərbi-texniki əməkdaşlıq, siyasi əlaqələr, beynəlxalq təşkilatlarda fəaliyyətimiz. Müzakirə edilən bütün məsələlərlə bağlı çox ciddi tapşırıqlar verilib. Əminəm ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha da yaxın olacaq və ticarət dövriyyəsi daha da artacaq. Çünki hazırda ticarət dövriyyəsi nə bizi, nə Ukrayna tərəfini qane edə bilməz.
Siyasi əlaqələrin inkişafı geniş müzakirə edildi. Biz bir çox beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik və bundan sonra da bu təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də, Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda əməkdaşlığımızı dərinləşdirəcəyik.
İqtisadi məsələlərə gəldikdə, bu sahədə çox böyük potensial var. Burada həm qarşılıqlı ticarətin genişləndirilməsi üçün imkanlar var, — biz danışdıq ki, Azərbaycan idxal edilən malların ölkəmizə gətirilməsi işində Ukrayna şirkətlərinə diqqət yetirəcək, — eyni zamanda Azərbaycanın artıq çox geniş ixrac imkanları var və Ukrayna bazarı — böyük bazar bizim üçün çox maraqlıdır. Konkret tapşırıqlar verilib.
Birgə investisiya layihələrinin icrası nəzərdə tutulur və müvafiq göstərişlər verildi ki, hər iki ölkənin investisiya imkanları araşdırılsın. Çünki buna çox böyük maraq var.
Energetika sahəsində qeyd edildi ki, Azərbaycan Dövlət Neft Şirkəti — SOCAR artıq Ukraynada fəal iştirak edir, böyük həcmdə — 200 milyon dollardan çox sərmayə qoyub, 60 yanacaqdoldurma məntəqəsi var. SOCAR-ın Ukraynada fəaliyyəti çox uğurludur və ölkələrimizi daha da birləşdirir.
Eyni zamanda vaxtilə çox ciddi şəkildə müzakirə olunan Odessa-Brodı layihəsinin canlanması işində müvafiq göstərişlər verildi. Azərbaycan dünya bazarlarına, o cümlədən Avropaya böyük həcmdə öz neftini ixrac edir. Eyni zamanda Xəzərin şərq sahillərində yerləşən ölkələr üçün tranzit rolunu da oynayır. Azərbaycan ərazisindən dünya bazarlarına neft ixrac olunur və hesab edirəm ki, Odessa-Brodı layihəsinin canlanması üçün imkanlar var.
Bütövlükdə Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi-Baltik dənizi əməkdaşlığı formatı hesab edirəm ki, çox böyük potensialı özündə ehtiva edir. Burada, şübhəsiz ki, nəqliyyat dəhlizlərinin fəaliyyəti də çox önəmlidir. Artıq birinci sınaq layihə icra edilib. Ukraynadan gələn bəzi yüklər Azərbaycan ərazisindən Orta Asiya ölkələrinə nəql edilib. Bu gün qərara gəldik ki, bu dəhlizi iqtisadi cəhətdən daha da cəlbedici etmək üçün biz tariflərə baxmalıyıq. Çünki tariflər yükgöndərənlər üçün məqbul olmalıdır ki, daha da böyük həcmdə yüklər hər iki istiqamətə getsin.
Mən prezidenti məlumatlandırdım ki, biz yaxın zamanlarda Bakı-Tbilisi-Qars dəmir yolunun istismarını təmin edəcəyik. Bu yol İpək Yolunun bərpası deməkdir və burada Ukrayna şirkətləri üçün də yeni imkanlar açılır. Eyni zamanda Azərbaycan tərəfdaş ölkələrlə Şimal-Cənub dəhlizinin yaradılması üçün səylər göstərir. Gələcəkdə Ukrayna tərəfi bu yoldan da istifadə edə bilər. Bir sözlə, nəqliyyat sahəsində çox geniş imkanlar var və əminəm ki, bu gün verilmiş tapşırıqların yaxşı nəticələri olacaq.
Birgə sənaye sahələrinin yaradılması istiqamətində də fikir mübadiləsi aparıldı. Bu, həm ağır sənayeyə aiddir, eyni zamanda hərbi-texniki sənayenin inkişafı üçün imkanlar var. Bu sahədə əməkdaşlığımızın artıq gözəl təcrübəsi var və bu məsələlər də müzakirə edildi”.
Ukrayna prezidenti iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə toxunaraq deyib: “Düşünürəm ki, ən perspektivli layihələrdən biri Azərbaycana An-178 tipli təyyarələrin satışı olacaqdır. Burada — Azərbaycanda onların birgə istehsalının yaradılması da çox maraqlı bir layihədir. Düşünürəm ki, bu da yeni bazarların kəşfi üçün maraqlı bir layihə olacaq.
Biz yanacaq və energetika sahəsində əməkdaşlığımızı müzakirə etdik. Burada söhbət Azərbaycanın ehtiyatlarının və Ukraynanın tranzit ehtiyatlarının tətbiq edilməsindən gedir”.
Pyotr Poroşenko iki ölkənin beynəlxalq təşkilatlarda əməkdaşlığından danışaraq bunları qeyd edib: “BMT Təhlükəsizlik Şurasında bizim əməkdaşlığımız çox vacibdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvi olub və orada da Ukrayna daim müdafiə edilib. Mən Sizi əmin edə bilərəm ki, bu gün Ukrayna 2016-2017-ci illər üzrə həmin mövqedədir və Azərbaycanın mövqeyi də orada müdafiə ediləcək. Bundan əlavə biz Azərbaycanın GUAM təşkilatında sədrlik məsələsini də müzakirə etdik.
Biz danışıqlar zamanı ölkələrimiz üçün digər maraqlı məsələləri müzakirə etdik. Ölkələrimizin qarşılıqlı şəkildə suverenliyi və ərazi bütövlüyünün müdafiəsi məsələsini müzakirə etdik. Ukrayna Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və böyük məmnuniyyətlə biz bilirik ki, Azərbaycan da Ukraynanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutur”.