Böyük Britaniya kraliçası iyulun 13-də Tereza Meyi baş nazir postuna təyin edib.
Novator az bildirir ki, Tereza Mey 1956-cı il oktyabrın 1-də Böyük Britaniyanın İstborn şəhərində doğulub. Oksford Universitetini bitirib, coğrafiya üzrə bakalavr dərəcəsi alıb. Gənc yaşlarında İngiltərə Bankında və Londonun özünüidarə orqanlarında işləyib.
2010-cu ildən Devid Kemeron hökumətində qadın və bərabərlik məsələləri naziri postunu tutub, sonradan daxili işlər naziri olub. 1997-ci ildən İcmalar Palatasının deputatıdır.
Mühafizəkarlar Partiyasına 1997-ci ildə qoşulub, 2016-cı il iyulun 11-də qurumun lideri seçilib.
Tereza Mey 1979-1990-cı illərdə Britaniya hökumətinə rəhbərlik etmiş Marqaret Tetçerdən sonra ikinci qadın baş nazirdir.
O, 1980-cı ildən ailəlidir. Əri Filip Con Mey iş adamıdır. Onların uşaqları yoxdur.
Böyük Britaniyanın əvvəlki baş naziri Devid Kemeron ölkədəki referendumdan sonra istefa verib.
İyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Referenduma qatılanların çoxu Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib.
Avropa İttifaqında qalmaq tərəfdarı olan Devid Kemeron məğlubiyyətə görə istefa qərarını açıqlayıb.
Referenduma qədər Tereza Mey də Böyük Britaniyanın Avropa İttifaqında qalmasına tərəfdar olub. Amma referendumdan sonra o bəyan edib ki, xalqın iradəsini reallaşdırmaqla məşğul olacaq.