Ölkənin yarım illik makroiqtisadi göstəriciləri açıqlanıb (Rəsmi hesabat). Transparency.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, 2016-cı ilin yanvar-iyun aylarında iqtisadiyyata 6 milyard 769,6 milyon manat məbləğində sərmayə qoyulub. Vəsaitin 5 milyard 653,8 milyon manatı və ya 83,5 faizi məhsul istehsalı obyektlərinin, 836,9 milyon manatı (12,4 faizi) xidmət sahələri üzrə obyektlərin, 278,9 milyon manatı (4,1 faizi) isə ümumi sahəsi 767,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 512,2 milyon manatını və ya 37,1 faizini daxili vəsaitlər təşkil edib.
Sərmayənin 4 milyard 663,7 milyon manatı və ya 68,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinə gedib.
Hesabata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər 2016-cı ilin yanvar-iyun aylarında 106,9 milyon ton yük və 916,9 milyon sərnişin daşıyıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 2,3 faiz azalıb, sərnişin daşınması isə 1,9 faiz artıb.
2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-iyun aylarında informasiya və rabitə xidmətlərinin həcmi 13,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Dövlət Statistika Komitəsi qeyd edir ki, 2016-cı ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,4 faiz artaraq 21 milyard 493,9 milyon manata çatıb. Gəlirlərin 78,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,8 faizi isə yığıma yönəldilib.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 6 milyard 133,8 milyon manat vəsait daxil olub, büdcədən 6 milyard 821,5 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 687,7 milyon manatlıq kəsir ümumi daxili məhsulun 2,5 faizi səviyyəsində olub.
Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin iyun ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 18 milyard 197,1 milyon manat səviyyəsində qərarlaşıb. Kredit portfeli 2015-ci il iyun ayının 1-i ilə müqayisədə 11,1 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,3 faizinə bərabər olub. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il iyun ayının 1-nə 7 milyard 566 milyon manat təşkil edib.
2016-cı ilin yanvar-may aylarında əhalinin sayı 41,8 min nəfər və ya 0,4 faiz artaraq 2016-cı il iyun ayının 1-nə 9 milyon 747,4 min nəfərə çatıb.