Rövşən Ağayev
Dövlət başçısı iyulun 10-da hökumət üzvləri ilə keçirdiyi iclasda bəyan edib ki, yaxın zamanlarda dərman istehsalına başlanacaq, ölkədə dərman preparatları istehsal edəcək fabriklərin tikilməsi gündəlikdədir.
Qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi baxımından cəlbedici bəyanatdır. Amma çox mühüm bir sual var: dərman istehsalı üçün hansı şərtlər tələb olunur?
1) Elmi potensial
Dərman sənayesinin əsas fərqli cəhəti sıx və böyük həcmdə elmi-tədqiqat işləmələri üçün sərmayə tələb etməsidir. Bu gün dünyada elmi tədqiqat üçün çəkilən xərclərin strukturunda dərman sənayesi 15% payla 1-ci yerdə dayanır – hər il bu istiqamətdə təxminən 150-160 milyard dollar xərclənir.
Azərbaycan kimi elmi potensialı zəif, elmə sərmayə qoyulmadığı, iqtisadiyyatla elm sahələri arasında bütün əlaqələrin itdiyi ölkədə dərman sənayesi indiki elmi potensial müqabilində imkansız görünür. Tibb, biologiya və kimya sahələrində elmi potensial elə səviyyədə olmalıdır ki, istehsal elədiyin məhsul Dünya Səhiyyə Təşkilatının işlədiyi və dərman istehsalında beynəlxalq norma və standartları müəyyən edən “Yaxşı istehsal təcrübələri”nə cavab verə bilsin.
Elmi potensial olmayanda klinik araşdırmalar üçün fundamental baza qurula bilmir. Klinik araşdırma müəyyən bir sağlamlıq problemi haqqında əvvəldən təyin olunmuş, cavabı bilinməyən problemləri yeni müalicə üsulları ilə araşdırmaq üçün elmi cəhdlərdir. Bu işdə ölkənin tibb elmi və infrastrukturu iştirak etməlidir. Vətəndaşı elementar müayinə üçün qonşu dövlətlərə üz tutan ölkədə tibb elmi və infrastrukturu belə klinik araşdırmalara dəstək verə biləcəkmi?
Məlumat üçün deyim ki, Türkiyə kimi tibb sənayesi və elmi inkişaf etmiş ölkə klinik araşdırmaların sayına görə Avropa və ABŞ-dan on dəfələrlə geri qalır. Halbuki Türkiyənin 10-dək universitetinin nəzdində fəaliyyət göstərən texnoloji inkişaf bölmələrində dərman istehsalı sahəsində elimi araşdırmalar aparılır. Bundan savayı Türkiyədə 5 dərman şirkətinin böyük elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. Bizdə belə mərkəzləri quracaq kadr potensialı varmı?
2) Zəruri infrastrukturun mövcudluğu
Dərman sənayesi üçün elmi mərkəzlər qurmağa köklü baza olmalıdır – universitetdən gələn bir baza. Türkiyədə dərman sənayesi sahəsində elmi-tədqiqat mərkəzləri üçün kadr yetişdirən infrastruktura diqqət yetirək: ölkənin müxtəlif universitetlərində 31 kimya mühəndisliyi, 46 kimya, 28 kimya texnologiyası, 49 biologiya, 81 tibb, 34 genetika və molekulyar bölməsi fəaliyyət göstərir. Nəzərə alaq ki, Türkiyə hələ dərman istehsalına görə dünyada 31-ci sırada yer alan bir ölkədir.
Dərman sənayesinin infrastrukturuna elmi-tədqiqat mərkəzləri ilə yanaşı hazır məhsulun emalı üçün zəruri məmulatları istehsal edən müəssisələr də daxildir. Bu müəssisələr hansı kadr potensialı və xammalla qurulacaq?
Yoxsa bütün komponentlər idxal ediləcək və bizim adına “dərman sənayesi” dediyimiz sənaye yalnız qablaşdırma ilə məşğul olacaq?
3) Rəqabət qabiliyyətli məhsul
Azərbaycan bazarı böyük bazar deyil – illik dərman istehlakı xərclərinin real həcmi 650-700 milyon manatı ötmür. Bu dövriyyənin əhəmiyyətli hissəsi şiş və qan xəstəlikləri ilə bağlı yüksək texnologiya və elmi baza tələb edən dərmanların payına düşür ki, həmin dərmanları hətta Türkiyə yaxın illərdə istehsal etmək gücündə olmadığını etiraf edir. Yerli dərman sənayesi kiçik daxili bazara deyil, ixraca yönəlməlidir. İxrac isə rəqabət qabiliyyətli (həm qiymət, həm keyfiyyət baxımından) məhsul sayəsində mümkündür. Bazarın 95%-ni əlində saxlayan transmilli dərman nəhəngləri ilə rəqabətə girəcək potensialımız varmı?
Sənayeləşmə strategiyası nəyi hədəfə almalıdır?
Postneft dövrünün hökuməti gözlədiyindən tez yaxalaması tələsik və pərakəndə qərarlara gətirib çıxarır. Amma məsələlərə köklü yanaşma vacibdir. Məsələn, yaxşı işlənmiş bir sənaye strategiyası olmalıdır. Həmin sənəddə dünyada qəbul olunan texnoloji səviyyə ilə müqayisədə bizim imkanlarımız, fürsətlərimiz, zəif nöqtələrimiz və hər bir səviyyə üçün hədəflərimiz, resurslarımız müəyyən edilməlidir.
Hazırda dünyada sənaye məhsulları 4 qrupa bölünür: aşağı, orta aşağı, orta yüksək texnoloji və yüksək texnoloji qrup məhsullar.
Yüksək texnoloji qrupa təməl əczaçılıq məhsulları və əczaçılıqla əlaqəli məmulatların emalı, kompüter, elektronika və optik məhsullar, hava texnikası və kosmik vasitələrin istehsalı daxildir. Bu qrup məhsulların istehsalı ən yüksək səviyyədə və ən yeni nəsil texnologiyaların tətbiqi, elmi-tədqiqat işləmələri sayəsində mümkündür.
Orta yüksək texnoloji məhsul qrupuna kimyəvi məhsullar, silah və sursat, elektriklə işləyən avadanlıqlar, motorlu quru nəqliyyat vasitələri, tibbi və stomatoloji vasitələrin istehsalı daxildir.
Orta aşağı texnoloji məhsul qrupuna rəfinə edilmiş neft məhsulları istehsalı, rezin və plastik məhsulların istehsalı, digər qeyri-metal mineral məhsulların istehsalı, baza metallurgiya sənayesi məhsulları, maşın və avadanlıqlar istisna olmaqla metal məmulatların emalı, gəmilərin və üzən strukturların inşası, maşın və avadanlıqların quraşdırılması və təmiri daxildir.
Aşağı texnoloji məhsul qrupuna qida məhsullarının, içkilərin, tütün məmulatlarının, toxuculuq məmulatlarının, geyim əşyalarının, dəri məmulatlarının, ağac məmulatlarının, kağız məmulatlarının və mebelin istehsalı aiddir.
Bu təsnifata diqqət edin: biz əsasən aşağı, müəyyən qədər isə orta aşağı texnoloji məhsul istehsal edə bilirik. İndilikdə bizim hədəfimiz orta yüksək texnoloji məhsulların istehsalı üçün potensial yaratmaq, bu mərhələdə isə yüksək texnoloji qrupa daxil olmaq üçün elmi potensial formalaşdırmaq olmalıdır. Göründüyü kimi, əczaçılıq məhsulları məhz yüksək texnoloji qrupa daxildir.
Sinqapur 1960-cı illərdə müstəqillik qazanıb. O vaxt ölkənin yaratdığı keramika və gəmiqayırma sənayesi iflasa uğrayıb: elmi potensialın zəifliyi, rəqabət qabiliyyətli məhsul istehsalı yarada bilməməsi, daxili bazarın məhdudluğu səbəbindən. Lakin o dövrdə bu ölkənin mövcud imkanlarına uyğun və Norveç sərmayəsinin dəstəyi ilə yaratdığı forel balıqlar üçün qarmaq istehsalı müəssisələri ölkə iqtisadiyyatına daha böyük fayda gətirib.
Yeri gəlmişkən, Türkiyədə dərman sənayesi və biotexnoloji sahə ilə bağlı 2015-2018-ci illər üzrə 2 ayrı strategiya və tədbirlər planı qəbul edilib.
Dünyada dərman istehsalı: maraqlı faktlar
Hazırda dünya dərman bazarının həcmi 1 trilyon dollar təşkil edir. Bazarın 95%-i transmilli şirkətlərin, o cümlədən 65%-i Şimali Amerika (ABŞ və Kanada) və Avropa şirkətlərinin əlindədir.
Bizim bölgəyə aid ölkələrdən Türkiyə bu sahədə öndədir. Türkiyə yüksək texnologiya (biotexnologiya) əsasında istehsal olunan dərmanları çıxmaqla istənilən növ dərmanları istehsal etmək potensialına malikdir. Türkiyə dərman istehsalını Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi “Yaxşı istehsal təcrübələri”nə uyğunlaşdırmaq istiqamətində son 35 ildə çox böyük yol qət edib, amma hələ yetərincə rəqabət gücünə malik deyil. Hazırda Türkiyədə 15-i xarici olmaqla dərman istehsal edən 77 şirkət fəaliyyət göstərir, bu şirkətlərdə 3100 adda dərman istehsal edilir, 31000 insan çalışır, ölkə 900 milyon dollar ixraca malikdir. Təxminən 1,2 milyard dollarlıq məhsul isə daxili bazarda satılır. Yəni yerli istehsalın ümumi dövriyyəsi 2 milyard dollar ətrafındadır.
Cəmi 4,2 milyon əhalisi olan İrlandiyanın ümumi daxili məhsulunun 11%-i, ixracının 50%-i dərman sənayesi hesabına formalaşır. İrlandiyanın dərman ixracının illik həcmi 30 milyard dollar ətrafındadır. Bu ölkə dərman sənayesini inkişaf etdirmək planını ötən əsrin 70-ci illərində bəyan etsə də, yalnız 80-90-cı illərdə tibbi və texniki universitetlərin inkişafı sayəsində dünya bazarına çıxa bilib. Hazırda dünyada ən çox satılan 12 dərman növündən 5-i İrlandiya istehsalıdır.
Müəllifin başqa yazıları:
- Pensiya yaşı artsınmı?
- Gedən pul gələn pulu yeyir
- Aclıq, yoxsa yoxsulluq həddi?
- Gerçək SSRİ və gerçək Rusiya…
- İdxal azaldı: manat dinclik tapa bilərmi?
- Büdcə: dəyişən nədir, dəyişməli olan nə?
- Dollar pəhrizi
- Pambığın ağır yükü
- Ucuz manat niyə ixraca yol açmır?
- Zənginlərin pulunu necə saymalı?
- Milli gəlirdən kimə nə çatır?