Bazar günü yuxudan oyanınca, adətim üzrə, səhər yeməyində Twitter-də xəbərlərə də göz gəzdirdim. Türk xəbər saytlarına və jurnalist həmkarlarımın sosial şəbəkələrdəki hesablarına baxdım.
Bu günlər, tez-tez olduğu kimi, “İslam dövləti” (İŞİD) qruplaşmasından, Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriyadakı qollarına qarşı hərbi və təhlükəsizlik kampaniyalarından yazırlar.
Yol qəzaları və insanların uzun Ramazan tətilindən qayıtması haqqında da çoxlu material vardı.
Prezidenti Rəcəb Teyyub Ərdoğanın Türkiyəyə pənah gətirmiş “Suriyalı bacı və qardaşlarımıza” vətəndaşlıq vermək fikri ətrafında da həddindən çox yazırlar.
Mən Ərdoğanın iyulun 8-9-da Varşavada keçirilmiş NATO sammitində iştirakı barədə nə deyildiyi ilə maraqlandım, ancaq heç bir şey tapmadım.
Sammitə yola düşməzdən əvvəl Ərdoğan NATO-dan xahiş etmişdi ki, Türkiyəni və onun İŞİD, PKK terroruna qarşı mübarizəsini unutmasın.
Bir yazıda deyilirdi ki, NATO baş katibi Yens Stoltenberq Türkiyəni Havadan Erkən Xəbərdarlıq və Nəzarət – AWACS təyyarələri ilə dəstəkləməyə söz verib. NATO baş katibi İŞİD-ə qarşı kampaniyanı gücləndirməkdən ötrü İraqa daha çox hərbi təlimatçı göndərəcəklərini də bildirib.
Görünür, NATO sammitinin başı Rusiya, Ukrayna və Avropa məsələləri, o cümlədən “Breksit”ə o qədər qarışıb ki, Yaxın Şərqə çox vaxtı qalmayıb. Şimali Atlantik Bloku bu regiona onsuz da heç vaxt öncəlik verməyib.
İstər coğrafi, istərsə də siyasi baxımdan Türkiyə hər zaman həm Şərq, həm də Qərb kimi görünüb. Ancaq son 6 il boyunca Türkiyə daha çox Yaxın Şərq ölkəsinə çevrilib. Türkiyənin NATO-ya daxil olduğu 1952-ci ildən 2010-cu ilə qədərki (Ərdoğanın ölkəni yönəltməyə başlamasından 8 il sonrakı dövrədək) zaman kəsiyinə baxsaq, ölkə haqqında eyni şeyi deyə bilmərik.
Ərdoğanın ilk illəri
Ərdoğanın hakimiyyətdə olduğu ilk illərdə onu Qərbdən üz döndərməyə meylləndirib-inandıran bir sıra hadisələr cərəyan edib.
O, hakimiyyətə xeyli uğursuz vaxtda – 2002-ci ildə gəlib. Axı ABŞ Türkiyənin qonşusu olan İraqa müdaxilə etməyə, orada rejimin dəyişdirilməsinə təsir göstərməyə hazırlaşırdı.
Türkiyə parlamenti ABŞ ordusunun İraqa müdaxilə zamanı Türkiyə ərazisindən istifadə xahişini rədd etdi. Beləcə, Qərblə Türkiyə arasında inamsızlıq dövrü başlandı. Bu inamsızlıq Ərdoğanın islamyönümlü keçmişi və bəlağəti ilə daha da kəskinləşdi.
Ardından Ərdoğan hökuməti həm İraqın işğalına, həm də Liviyanın bombalanmasına qarşı çıxdı. Hər iki əməliyyat yüz minlərlə həyatın itirilməsi, milyonlarla insanın qaçqın düşməsi və bu iki ölkədə infrastrukturun kütləvi məhvi ilə müşayiət edildi.
Sonradan aşkar olunmuş faktlar, o cümlədən Britaniyanın İraqa müdaxilədə iştirakına dair bu yaxınlarda dərc edilmiş Çilkot hesabatı göstərir ki, Ərdoğan qoşulmamaqda haqlı olub.
Ərdoğanın üzünü Şərqə tərəf çevirməsi “Ərəb baharı”ndan da qaynaqlana bilərdi. Ərəb ölkələrində insanlar sel olub küçələrə axışmış, ölkələrinin korrupsioner və avtoritar hökumətlərinə qarşı çıxmışdılar.
O zaman artıq İraqda Səddam Hüseyn devrilmiş, ölkəni xaos başına götürmüşdü. İndi Suriyada Bəşər Əsəd və Misirdə Hüsnü Mübarəkin taxtı laxlayırdı. Görünür, Ərdoğan bu rejimlərin çöküşündə Türkiyə üçün dividentlər qazanmaq imkanı gördü.
Ərdoğanın Osmanlı imperiyasına xiffətlə rənglənmiş şəxsi, milli və dini romantizmini də bir amil kimi gözdən keçirə bilərik.
Ərdoğanın düşüncəsinə təsir edə biləcək bir başqa amil də sonradan düşmənə çevrilmiş keçmiş müttəfiq Fətullah Gülən tərəfdarlarının Türkiyə daxilində yaratdığı çaxnaşmalar ola bilər. O və onun tərəfdarları Ərdoğan hakimiyyətə gəlməzdən əvvəl də sakitcə Türkiyənin ordu, polis, təhsil və ədliyyə sistemlərinə, eləcə də mediasına nüfuz etmişdilər.
Bəlkə kürd üsyanı da Ərdoğanın sözügedən yanaşmasının formalaşmasında rol oynayıb. Ədalət naminə deyilməlidir ki, o, hakimiyyətinin ilk illərində türklərlə etnik kürdləri barışdırmağa çalışmış, hətta ilk təsirli addımlarını da atmışdı.
Ancaq bir çox kürd ziyalısı da etiraf edərdi ki, istər PKK, istərsə onun parlamentdə təmsil olunmuş siyasi qanadı – Xalq Demokrat Partiyası (HDP) PKK-nın 32 il Türkiyə dövləti və ordusuna qarşı həyata keçirdiyi, on minlərlə türk və kürd vətəndaşın həyatına son qoymuş terroru birmənalı şəkildə qınamağa çəkinib.
Relsdən çıxan siyasət
Di gəl, hansısa məqamda Ərdoğan çox aydın görünən şəkildə yönünü dəyişdi. Opponentlərinə münasibətdə onun dili və tonu aqressivləşdi, hətta qabalaşdı. O, tənqidə qarşı, o cümlədən öz partiyası daxilində fərqli düşüncəyə qarşı dözümsüzləşdi.
Bu, təxminən 2010-2011-ci illərdə baş verdi. Ərdoğan bəlkə də Qərbin aktiv dəstəyi ilə beynəlxalq trendi izlədiyini düşündü.
Bu, onun bir sıra qrup və hərəkatı dəstəkləyən alovlu çıxışlarından çox aydın sezilirdi. Sonradan bir çox belə qrupun zorakı islamçı ekstremist qruplar olduğu üzə çıxdı. Ərdoğan könüllü şəkildə özünün köhnə düşmənləri olan Əsəd və Mübarəkin düşmənlərinə bütün mümkün, bəzən də nəzarətsiz dəstəyini vermək qərarına gəldi.
Onun xarici siyasətində fəlakətli dönüş baş verdi. Türkiyə qonşuları və regiondakı digər ölkələrlə ənənəvi yaxşı münasibətlərdən uzaqlaşdı.
Ərdoğan 2010-cu ildə Fələstin məsələsinə görə İsrail prezidenti Şimon Peresə hücum çəkdi, İsraili “fələstinli gəncləri rəhmsizliklə, vəhşicəsinə qırmaqda” suçladı. Üstəlik, dedi ki, yəhudi dövləti “Hitlerdən yaxşı deyil”.
O, sonralar – 2011-ci ildə Aralıq dənizindən keçmək və Qəzzaya gəmilərlə humanitar yardım aparmaqla bir sıra türk islamçı QHT-sinin Fələstinin blokadasını qırmaq cəhdini dolayı yolla dəstəklədi. İsrail əsgərləri dənizdə gəmilərə hücum çəkərək, 9 türk vətəndaşını öldürdülər və Qəzzaya yolu bağladılar. Türkiyə-İsrail münasibətləri son dərəcə pisləşdi və bu, hər iki tərəfin düşmənçilik ritorikası ilə müşayiət olundu.
2011-ci ildən bəri Ərdoğan hökuməti açıq-aydın Əsədi devirmək məqsədilə Suriyada üsyançı qruplara hərtərəfli dəstəyi gücləndirdi. Türkiyə Əsədə, bir-birinə qarşı vuruşan hər cür silahlı suriyalı və qeyri-suriyalı qrupların təhlükəsiz yuvasına çevrildi.
Dəməşq rejimi, əsasən, Rusiya və İranın dəstəyi sayəsində ayaqda qalmağı bacardı.
Ekstremist qruplarsa yeni üzvlərin cəlbinə məkan, silah və pul mənbəyi kimi Türkiyədən faydalanmağa davam etdilər. Onlar Türkiyəyə qaçaqmalçılıq, müalicə və dincəlmək niyyəti ilə gəlirdilər.
Ankara axır ki anladı…
Elə indi də ailəsi Türkiyədə olan, amma özü Suriyada vuruşan bir çox üsyançı var. Onların bəziləri suriyalıdır, bəziləri də digər ərəb dövlətlərindən, Orta Asiya və Şimali Qafqazdandır. Bu üsyançı qruplara “Əl-Nusra” cəbhəsi də daxildir. Onun “əl-Qaidə” və hətta İŞİD-lə əlaqəsi var. Bu qrup son zamanlar öz türk ev sahibinə qarşı çıxıb.
Əvvəlcə bu üsyançı qrupların sərhəd boyunca kürd üsyançılarına qarşı da vuruşacağına ümid bəsləyən Ankara, nəhayət, anladı ki, PKK və İŞİD indi onun sabitlik və mövcudluğuna ciddi təhlükədir.
Rusiyanın Əsədi dəstəkləmək üçün fəal şəkildə Suriyadakı müharibəyə qoşulmasından sonra vəziyyət daha da pisləşdi. Hələ də “şəksiz qələbə” əhvalında olan Türkiyə noyabr ayında Suriya-Türkiyə sərhədində Rusiyanın “Su-24” döyüş təyyarəsini vuraraq yerə saldı. Təyyarəni katapultla tərk edib, paraşütlə enən pilotu isə Türkiyəyönümlü silahlılar vurub öldürdülər.
Bundan sonra Türkiyənin öz “köhnə qonşusu və dostu” Rusiya və onun prezidenti Vladimir Putinlə münasibətləri soyuqlaşdı. Rusiya lideri, demək olar, bütün münasibətləri dondurdu və bütün cəza tədbirlərini gördü. Türk turizmi və türk malları boykot edildi. Putin Ərdoğanın üzr istəməsini də tələb etdi. Türkiyədə heç kəs Ərdoğanın bunu edəcəyini təsəvvürünə gətirmirdi. Ancaq iyunun 27-də nəsə “tərpəndi” və az qala eyni zamanda həm İsrail, həm də Rusiya ilə münasibətlərdə becid və kəskin dönüş baş verdi.
İsraillə münasibətlər normallaşmağa başladı. Baş nazir Benyamin Netanyahu artıq donanma insidentindən iki il sonra Ərdoğana üzrxahlıq məktubu göndərmişdi. Bir müddət idi ki, danışıqların getdiyi də bildirilirdi.
Rusiyaya gəlincə, Ərdoğan Putinə üzrxahlıq məktubu göndərərək “Türkiyə-Rusiya münasibətlərini mümkün qədər tez bərpa etmək” arzusunu dilə gətirdi.
Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri Misirlə də münasibətlərin yaxşılaşdırılması istiqamətində iş görüldüyünə işarə edirlər. “Müsəlman qardaşlar” administrasiyasını hakimiyyətdən devirmiş hərbi hökumətə qarşı Ərdoğanın kəskin tonunu nəzərə alsaq, bu, asan olmayacaq.
İndi Ankaradan sızan məlumatlarda Ərdoğanın Əsədli Suriya çözümünü də qəbul etməyə hazır olduğu bildirilir. Halbuki indiyədək özəlliklə Türkiyə və Qərb məhz bunu təkid və israrla tələb edirdilər.
Bəs bu “tərpəniş” nədən qaynaqlanır?
Əlbəttə, biz ancaq ehtimal edə bilərik, ancaq bir sıra səbəblər göstərilir. Göstərilən səbəblərdən biri odur ki, Türkiyədən ötrü son dərəcə vacib turizm sektorunun dirçəldilməsi üçün dərhal tədbirlər görülməli idi. Bu sahənin sürətli çöküşü Ərdoğanın daim yüksək olan reytinqinə mənfi təsir göstərə bilərdi. İndi Ankara həm də ölkənin bir nömrəli probleminə qarşı regionda mümkün qədər çox dövlətlə birləşə bilər. Bir nömrəli problem isə kürd üsyanı və bir də son zamanlar İŞİD terrorunun Türkiyə torpaqlarına nüfuz etməsidir.
İndi Ərdoğan doğrudanmı Türkiyə xarici siyasətinin “köhnə yaxşı günləri”nə qayıdır? Doğrudanmı daha qonşularının iç işlərinə qarışmayacaq?
Regionda 6 il boyunca ard-arda düşmənlər qazanan Ərdoğanın onlarla yenidən dostlaşmağa çalışdığını görürük. İndi ümid edə bilərik ki, o öz opponentləri və elektoratın son 14 ildə ona səs verməmiş 50 faizi ilə də barışmağa başlayacaq. Gündəlik “Hürriyet” qəzetinin köşə yazarı Ərtoğrul Özkökün təbirincə desək, “insanlarla yola getmək hələ heç kimə zərər verməyib”.
Abbas Cavadi
Mənbə: Azadliq.org