Nazirlər Kabinetinin 10 iyul iclasına yekun vuran prezident İlham Əliyev yaxın vəzifələrdən söz açıb: “İlin sonuna qədər fəal işləməliyik ki, qarşıda duran bütün vəzifələri icra edək. Ötən altı ayın nəticələri göstərir ki, Azərbaycan 2016-cı ili də uğurla başa vuracaq. Əlbəttə ki, biz əsas prioritet istiqamətlər üzrə işimizi daha da təkmilləşdirməliyik. 2016-cı ilin birinci yarısının iqtisadi göstəriciləri də çox ümidvericidir. Qeyri-neft sənayemiz 2,4 faiz, kənd təsərrüfatı isə 3,1 faiz artıb. Ancaq əminəm ki, xüsusilə kənd təsərrüfatı istehsalı ilin sonuna qədər daha da artacaq.
Sənaye istehsalı ilə bağlı həm iri layihələr icra edilir və eyni zamanda orta və kiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcək. Mən iri layihələr arasında Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri qeyd etmək istəyirəm. Onların arasında SOCAR Polimer Kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük investisiya — təqribən 700 milyon dollardan çox sərmayə qoyulur. İki ildən sonra artıq bu müəssisə hazır məhsul istehsal edəcək. İdxaldan asılılıq tamamilə aradan götürüləcək və böyük ixrac potensialı yaranacaq. Gələcək fəaliyyətimiz üçün bu, əsas istiqamət, prioritet olmalıdır. İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək, ixrac potensialımızı artırmaq və bununla paralel olaraq ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır. Əlbəttə, birjada satılan məhsullar üçün bazar axtarmağa ehtiyac yoxdur. Ancaq digər məhsullar üçün biz indi gərək rəqabətə girək. Çünki indi dünyada ixrac bazarları uğrunda böyük rəqabət aparılır. Böyük dövlətlər, böyük firmalar artıq bazarları böyük dərəcədə bölüblər. Ona görə bu bazarlara öz məhsulumuzla girmək üçün gərək böyük səylər göstərək.
2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Bu da gübrələrə olan tələbatımızı tam təmin edəcək, idxala artıq ehtiyac olmayacaq və böyük həcmdə ixrac potensialı yaranacaq. Burada da üstünlük ondan ibarətdir ki, bu məhsulların satışı ilə bağlı heç bir problem olmayacaq. O ki qaldı polimer zavodunun fəaliyyətinə bu, birinci mərhələ olmalıdır. Ondan sonra və bəlkə də indidən özəl sektor da qoşulmalıdır ki, artıq onlar da hazır məhsul istehsalına başlasınlar. Çünki bu xammalın istehsalı böyük imkanlar yaradır. Bu zavoddan faydalanan özəl sektor çox cəld fəaliyyət göstərməlidir, çevik siyasət aparmalıdır. Əgər lazım olarsa, tezliklə dövlətin dəstəyi ilə bir çox kiçik və orta müəssisələr yaradılmalıdır ki, onlar Azərbaycanda hazır məhsul istehsal etsinlər.
Digər iri sənaye müəssisələri yaradılır, yaradılacaq. Ancaq əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, orada iqtisadi potensialı müəyyən edən orta və kiçik sahibkarlardır. Biz də bu yolla getməliyik və sahibkarlığın inkişafı üçün əlavə tədbirlər görüləcək.
Azərbaycanda bir sahə var ki, o, demək olar, heç inkişaf etməyib. Həm özəl sektor maraq göstərməyib, həm də dövlət bu sahəni bir qədər diqqətdən kənarda saxlayıb. Bu da dərman preparatlarının istehsalıdır. Biz demək olar ki, 100 faiz idxaldan asılıyıq. Düzdür, son vaxtlar bu sahədə görülmüş tədbirlər nəticəsində dövlət tənzimləyici rolunu oynayır. İqtisadiyyat Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə artıq bir ildən çoxdur ki, bu məsələ ilə məşğuldur. Nəticədə dərman preparatlarının qiymətində çox ciddi azalma müşahidə olunur. Eyni zamanda keyfiyyətə də çox ciddi nəzarət edilir. Baxmayaraq ki, manatın məzənnəsi aşağı düşüb və biz idxaldan tam asılıyıq, görülmüş tədbirlər, dövlətin müsbət mənada müdaxiləsi nəticəsində burada qiymətlərdə sabitləşmə var. Bir çox dərman preparatının qiymətləri aşağı düşüb.
Ancaq indi vaxt gəlib çatıb ki, Azərbaycanda dərman preparatlarının istehsalına başlansın. Müvafiq göstərişlər verilib, bir neçə xarici şirkətlə danışıqlar aparılır, böyük maraq var. Çünki Azərbaycan bazarı kifayət qədər böyük bazardır. Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır və dinamika da müsbətdir. Ona görə xarici firmalar böyük maraq göstərirlər. Biz bundan istifadə etməliyik. Dərman preparatlarının istehsalı üçün indi ciddi bir proqram hazırlanır və bir klastr yaradılmalıdır. Beləliklə, həm bu sahədə də sənaye potensialı inkişaf edəcək, idxaldan asılılıq azalacaq və həm də vətəndaşlarımızı daha keyfiyyətli dərmanlarla təmin edə bilərik. Hesab edirəm ki, ilin sonuna qədər bütün danışıqlar prosesi, bütün təşkilati məsələlər öz həllini tapmalıdır. Bu il artıq biz dərman fabriklərinin tikintisinə başlamalıyıq”.
Kənd təsərrüfatı məsələlərinə toxunan dövlət başçısı qeyd edib ki, hökumət əvvəlki dövrlərdə əsas səylərini ərzaq təhlükəsizliyi məsələlərinə yönəltmişdi: “Çünki bir neçə il bundan əvvəl çox böyük problemlərlə üzləşmişdik. Yəqin ki, xatırlayırsınız, hətta imzalanmış kontraktlar da icra edilmirdi. Çünki biz taxılı, buğdanı idxal edirdik. Ancaq sonra bəzi ölkələrdə quraqlıq baş verdi, çətinliklər yaşandı və bizim kontraktlarımız ləğv edildi.
Bu bizim üçün çox ciddi bir siqnal idi. Ondan sonra biz qərar verdik ki, taxılçılığı sürətlə inkişaf etdirək. İri fermer təsərrüfatları yaradıldı, məhsuldarlıq artdı, 23 sentnerdən 30 sentnerə qalxdı. İri fermer təsərrüfatlarında məhsuldarlıq 50-60 sentnerə bərabərdir. Yəni ərzaq təhlükəsizliyi məsələləri ön planda idi. Biz indi özümüzü ətlə təmin edirik. Quş əti ilə tam təmin edirik. Yəni bu, ərzaq təhlükəsizliyi məsələləri idi. Ancaq bununla bərabər indi vaxt gəlib çatıb ki, texniki bitkilərə də ciddi fikir verilsin. Xüsusilə nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik.
Ona görə torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir. Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir. Torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir. Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Ona görə, Prezident Administrasiyasına göstəriş verildi ki, əkilməyən kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır. Yerli icra orqanları da bu məsələ ilə məşğuldurlar. İmkanı olan insanlar kənd təsərrüfatına investisiya qoysunlar ki, ölkəyə də xeyir olsun, özləri də xeyir götürsünlər”.
Prezident deyib ki, hökumət sahibkarlığın inkişafını bundan sonra da dəstəkləyəcək: “Bu il sahibkarlara güzəştli şərtlərlə 73 milyon manat kredit verilib. Bu vəsaitin 77 faizi əvvəlcə verilmiş kreditlərin qaytarılması hesabına verilib. Bu da çox müsbət haldır, dövlət büdcəsinə daha az yük düşür və kreditlərin 80 faizi aqrar sektora verilib. Bu da bizim siyasətimizi əks etdirir. Kreditlərin 74 faizi regionlara verilir. Regional inkişaf proqramının icrası sürətlə davam etdirilir.
Biz indi çox güclü qeyri-neft ixracı potensialı yaradırıq və eyni zamanda, institusional tədbirlər də görülür və görülməlidir ki, biz ixracı stimullaşdıraq, sahibkarlar xaricə daha çox məhsul satmaqda maraqlı olsunlar. Bu məqsədlə təşviq mexanizmi artıq tətbiq olunur. Mən əminəm ki, bunun çox müsbət təsiri olacaq və sahibkarlar da bundan istifadə edəcəklər”.
İlham Əliyev yoxlamalarla bağlı çox ciddi tapşırıqları olduğunu xatırladıb: “Bu yoxlamalar insanları demək olar ki, bezdirmişdi, imkan vermirdi ki, sahibkarlar rahat nəfəs alsınlar. Çox ciddi göstərişlər, tapşırıqlar verilib. Bu ilin altı ayında vergi yoxlamaları istisna olmaqla cəmi 56 yoxlama keçirilib. Müqayisə üçün deyim ki, keçən il 40 min yoxlama keçirilmişdi. Baxın, 40 min və 56. Burada da heç bir şərhə ehtiyac yoxdur. Belə olmalıdır. Amma bu 40 min yoxlamanın arxasında nələr dayanır?! Bunu bu yoxlamalara məruz qalmış insanlar yaxşı bilirlər. Biz onların canını bu işlərdən qurtardıq. Hər bir sahədə belə olmalıdır. Şəffaflıq, dürüstlük, təmizlik — bu, norma olmalıdır. Mən indi bunu, sözün düzü, qürur hissi ilə qeyd edirəm. Amma bu, norma olmalıdır. Norma bu olmalıdır, 40 min yoxlama norma olmamalıdır”.