Bakıya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 12-də həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı faydalı müzakirələrin aparıldığını bildirib. O, hazırkı müzakirələrin prezidentlərin görüşü zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində vacib addım olduğunu qeyd edib.
AZƏRTAC-ın məlumatına görə, Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı intensiv dialoqun aparıldığını söyləyib: “Sergey Lavrovun bizimlə bölüşdüyü informasiya bizi ümidləndirir. İndi intensiv dialoq aparırıq. Əvvəlki görüşlərin hamısı bu münaqişənin həllində irəliləyişə nail olmaq üçün idi. Həll məsələsində maneələri mərhələlərlə aradan qaldırmalıyıq”.
APA-nın məlumatına görə, Elmar Məmmədyarov qeyd edib ki, Qarabağ danışıqları konkret məsələlər ətrafında, substantiv şəkildə gedir: “Ardıcıl, intensiv danışıqlar nəticəsində həllinin tapmamış məsələlərdə müəyyən irəliləyişə nail ola bilərik. Sankt-Peterburq görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Fransa və ABŞ prezidentləri ilə telefon danışığı aparıb. Sergey Lavrov da Azərbaycan və Ermənistan səfərlərinin nəticələrini Putinə çatdıracaq. Bundan sonra konkret qərar qəbul ediləcək ki, növbəti addımlar nədir. Bu addımlara prezidentlərin görüşü də daxildir. Görüşün Fransa və ya başqa ölkədə keçirilməsindən asılı olmayaraq əsas məqsəd odur ki, konkret mövzular ətrafında müzakirə aparılsın. Bu danışıqlar əbədi gedə bilməz”.
Sergey Lavrov qeyd edib ki, məlum səbəblərə görə danışıqların mövzularını geniş ictimai müzakirələrə çıxarmırlar: “Prezidentlərin Sankt-Peterburq görüşündən sonra əsas məqsəd odur ki, kiçik ümid yaradan amillərə çox ehtiyatla yanaşaq, onlar əldən çıxmasın. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvəffəqiyyətə əvvəlkindən daha çox yaxınlaşmağa ümid olduğunu deməyə əsas var”.
Elmar Məmmədyarov bildirib ki, müzakirələrin məqsədi Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşması istiqamətində irəliləyişlərə nail olmaqdır: “Hazırda intensiv dialoq, hətta trialoq formatındayıq. Minsk qrupu həmsədrləri fəal şəkildə müzakirələrdə iştirak edirlər. Müzakirələrin məqsədi hələ də razılaşdırılmamış məsələlər ətrafında irəliləyişə nail olmaqdır. Bu məsələləri addım-addım həll etməliyik ki, qlobal təhlükəsizliyə təhdid təşkil edən münaqişəni həll edək”.