“Bəziləri deyirlər ki, yardım alıram, niyə gedib işləməliyəm?”
Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının yekunlarına həsr olunan 10 iyul iclasında çıxış edən prezident İlham Əliyev deyib ki, il ərzində neftin qiyməti 3-4 dəfə düşsə də, Azərbaycan inkişaf edir: “Düzdür, ümumi daxili məhsul bir qədər azalıb. Bunun müxtəlif səbəbləri var. Ancaq sevindirici hal ondan ibarətdir ki, iqtisadiyyatın əsas sahələri — sənaye və kənd təsərrüfatı artıb. Yəni real sektor artıb.
Sənaye istehsalı 0,6 faiz artıb. Düzdür, o qədər də böyük artım deyil, ancaq hesab edirəm ki, bu, böhran ili üçün müsbət haldır. Ölkəmizin qeyri-neft sənayesi 2,4 faiz artıb. Bu, çox ciddi artımdır və hesab edirəm ki, bu artım böyük ümidlər verir. Gələcəkdə bu daha da artacaq.
Kənd təsərrüfatı 3 faizdən bir qədər çox artıb. Bu da müsbət haldır, ancaq potensial daha da böyükdür. Bu il görülən və görüləcək işlər, həmçinin gələn il görüləcək işlər nəticəsində kənd təsərrüfatında çox böyük irəliləyiş olacaq.
Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub. Bu da çox müsbət haldır. Azərbaycan sərmayə qoyuluşu üçün cəlbedici ölkədir. Bu il daha çox xarici sərmayə qoyulub. Mən bunu da müsbət qiymətləndirirəm. Çünki daxili sərmayələr azalır. Ona görə ki, indi bizim investisiya proqramımız ixtisar olunub. Bu da təbiidir. Ancaq xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkə kimi qalır və əminəm ki, gələcəkdə bu proses davam etdiriləcək.
İlin altı ayında 78 min daimi iş yeri açılıbdır. Ümumiyyətlə, iş yerlərinin açılması 90 minə yaxındır. Amma onlardan 78 mini daimi iş yeridir. Bu da çox müsbət haldır. Çünki ilin əvvəlində müəyyən narahatlıq vardı ki, bəzi iş yerləri bağlanır. Düzdür, 26 min iş yeri bağlanıb. Ancaq 78 min iş yeri açılıb. Ona görə biz görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına, — özəl sektorda da bu işlər gedir, — burada da müsbət dinamikanı görürük. Özəl sektora da dövlət qurumları çox ciddi tövsiyə edib ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər. Özəl sektor da özünü çox məsuliyyətli aparıb. Bu da təbiidir. Çünki özəl sektor uzun illərdir ki, dövlətdən çox böyük dəstək — həm siyasi, həm də ki, maddi dəstək alır. Güzəştli şərtlərlə verilən kreditlərin həcmi 1 milyard dolları ötüb. Ona görə özəl sektor da sosial məsuliyyət daşımalıdır.
Sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılıb. 2016-cı ilin ötən dövründə bəzi ölkələrdə maaşlar, pensiyalar ixtisar edilib. Ancaq Azərbaycanda maaşlar və pensiyalar 10 faiz qaldırılıb və bu da çox ciddi sosial təşəbbüsdür.
Bu il biz sosial mənzillərin inşasına başlamaq fikrindəyik. Mənzil İnşaatı Dövlət Agentliyi — MİDA yaradılıb. Onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq. İndi hazırlıq işləri aparılır. Ümid edirəm ki, bu il artıq praktiki addımlar atılacaq və bu yeni sosial təşəbbüs çox geniş vüsət alacaq.
2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Düzdür, biz bu islahatları uzun illərdir ki, aparırıq. Ancaq əvvəlki dövrdə vəziyyət başqa idi. Neft hasilatı artırdı. Neftin qiyməti 100 dollardan çox idi. Bizim əsas vəzifəmiz infrastruktur layihələrinin — həm sosial infrastruktur, həm digər infrastruktur layihələrinin icrası idi. Çox böyük vəsait ayrılırdı. Biz elektrik enerjisi, qazlaşdırma, kənd yollarının tikintisi ilə bağlı əsas infrastruktur layihələrini qısa müddətdə icra etdik. Hələ ki, bu istiqamətdə işlər davam edir, amma infrastruktur layihələrinin böyük əksəriyyəti artıq reallaşıb.
İndi vəziyyət tam başqadır. Mən artıq dəfələrlə demişəm, biz postneft dövründə yaşayırıq. Düzdür, bir neçə ildən sonra Azərbaycan dünya bazarlarına çox böyük həcmdə təbii qazı da ixrac etməyə başlayacaq və yenə də valyuta axını artacaq. Ancaq biz elə yaşamalıyıq ki, artıq postneft dövründəyik və belə olan halda, əlbəttə, ciddi, daha da dərin iqtisadi islahatlar aparılmalı idi və aparılır.
Həm maliyyə-bank sektorunda, həm də kənd təsərrüfatının, sənaye potensialımızın inkişafı ilə bağlı çox ciddi islahatlar aparılır. İxracın stimullaşdırılması, investisiya cəlb edilməsi üçün çox böyük güzəştlər tətbiq olunur. Eyni zamanda vergi sahəsində, xüsusilə gömrük sektorunda ciddi islahatlar aparılır. Bu il gömrük orqanlarından daxilolmalar plandan 17 faiz artıq yığılıb. Bu, çox müsbət nəticədir. Vergi orqanlarında yığım plandan 2 faiz artıq təmin edilib. Amma orada da böyük ehtiyatlar var. Hesab edirəm ki, vergi sistemində aparılan islahatlar ilin sonuna qədər bütün bu vəziyyəti şəffaflaşdıracaq. Necə ki, gömrük orqanlarında bütün məsələlər şəffaf şəkildə öz həllini tapır. Təbii ki, bunu həm insanlar, biznesmenlər, iş adamları görür, eyni zamanda, büdcəyə daha da böyük həcmdə vəsait daxil olur.
Yəni bütün sahələrdə islahatlar dərinləşməli, şəffaflıq təmin edilməli, nəzarət, maliyyə nəzarəti daha da gücləndirilməlidir. Belə olan halda biz neftdən asılılığı tamamilə aradan götürəcəyik. Məsələ məhz belə qoyulub. Bir neçə il ərzində dövlət büdcəmiz, onun mütləq əksəriyyəti qeyri-neft sektoru hesabına təmin edilməlidir. Ondan sonra neftin qiyməti qalxdı-düşdü, bunun heç bir əhəmiyyəti olmayacaq.
Qeyd etdiyim kimi, sosial sahədə maaşlar, pensiyalar qalxıb, eyni zamanda, digər islahatlar da aparılır. İnsanlara daha çox imkanlar yaradılmalıdır ki, onlar özləri öz məşğulluğunu təmin etsinlər. Bu məqsədlə prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Biz birinci təcrübənin nəticələrini yəqin ki, yaxın vaxtlarda görəcəyik. Hesab edirəm ki, öz məşğulluğunu təminetmə yanaşması üstünlük təşkil etməlidir.
Biz uzun illər insanlara ünvanlı sosial yardım veririk. Bu da çox ciddi sosial təşəbbüsdür. Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir. Biz bunu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil. Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır. Ələbaxımlıq da gələcəkdə çox böyük problem ola bilər. Ona görə insanlar özləri daha da məsuliyyətli olmalıdırlar. Dövlət qurumları şərait yaratmalıdır ki, tədricən ünvanlı sosial yardım əvəzinə hər bir insan özü üçün iş qursun. Dövlət kömək edəcək. Prezidentin ehtiyat fondundan bu məqsədlər üçün ilkin olaraq 6 milyon manat ayrılıb. Lazım olarsa, daha da çox vəsait ayrılacaq. Hər bir rayonda insanlar fərdi qaydada işlə təmin ediləcək. Onlar dövlətdən asılı olmayacaqlar. Onlar halal pul qazanacaqlar, ailələrini dolandıracaqlar”.