“Ölkədə qızılın bahalaşması qaçılmazdır”. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov dünya bazarında qiymətli metala ehtiyacı təhlil edərək bu qənaətə gəlib. Ekspert ehtiyacın yaranmasını spekulyativ təsirlə də əlaqələndirib: “Qızılın dünya bazar qiymətində artım davam edir. Son 2 ilin rekorduna imza atan qiymətli metalda axırıncı ildə 17, son 6 ayda isə 24 faiz qiymət artımı qeydə alınıb. Qızıl son bir ayı da 7 faiz artımla başa vurub, indi 1 qramı 44 dollara təklif edilir.
Bir müddət öncə ABŞ-ın aparıcı milyarderlərindən olan Corc Soros qızıl bazarına böyük məbləğdə sərmayə yönəldəndə qiymətin yüksələcəyi proqnozlaşdırılmışdı. İndi artım müşahidə edilir, yönəldilən sərmayələr qiymətli metala tələbi artırıb. Təbii ki, milyarderin bazara geniş məbləğdə sərmayə etməsində spekulyativ davranışlar da istisna edilmir. Eyni zamanda qlobal neft və valyuta bazarlarındakı qeyri-müəyyənlik investorların qızıla marağının artmasına səbəb olub.
Qlobal qiymət artımları Azərbaycanın qızıl bazarına da təsir göstərir. Güman ki, növbəti dövrdə bu daha çox hiss ediləcək. Bir tərəfdən Ramazan ayı başa çatdığı, toy mövsümü başlandığı üçün yerli bazarda qızıla tələb yüksəlib, digər tərəfdən idxal edilən xam qızılın xərci artıb. Qızıl bazarındakı tələbin əsasən idxal hesabına ödəndiyini nəzərə alsaq, dünya bazarındakı qiymət artımının təsiri qaçılmazdır”.