İyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunan iclası keçirilib. Prezident İlham Əliyevin sədrlik etdiyi iclasda müdafiə sənayesi naziri Yavər Camalov, kənd təsərrüfatı naziri Heydər Əsədov, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə 2016-cı ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.
AZƏRTAC-ın məlumatına görə, giriş nitqində dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini deyən prezident Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu bildirib.
Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının alındığını, əks-hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini diqqətə çatdırıb. “Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir” deyən İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.
“Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır” deyən dövlət başçısı buna nail olmaq üçün həmsədr ölkələrin və ATƏT-in Ermənistana ciddi təzyiq göstərmələrinin vacibliyini diqqətə çatdırıb.
Bu ilin altı ayında ölkənin xarici siyasətinin fəal olduğunu, 10-dan çox dövlət və hökumət başçısının Azərbaycana səfərə gəldiyini, özünün də xaricə səfərlərinin beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini deyən prezident çıxışında iqtisadi inkişaf proseslərindən də danışıb, cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu deyib. O bildirib ki, ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır: “İlin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb”.
2016-cı ilin tarixdə dərin islahatlar dövrü kimi qalacağını vurğulayan dövlət başçısı strateji enerji və nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.
Prezident İlham Əliyev yekun nitqində prioritet istiqamətlər üzrə qarşıda duran vəzifələrin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı ixrac yönümlü iri sənaye müəssisələrinin yaradılması, kiçik və orta sahibkarlığın gücləndirilməsi ilə bağlı tapşırıqlarını verib. İlham Əliyev deyib ki, bu il ölkədə dərman istehsalına başlanması, sənaye mərkəzlərinin yaradılması istiqamətində, həmçinin Mingəçevirdə yüngül sənaye kompleksinin təməlinin qoyulması, hər bir rayonun sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı işlər davam etdirilir.
Azərbaycanda xalçaçılıq sənayesinin, baramaçılığın, pambıqçılığın və tütünçülüyün inkişafına dövlət dəstəyinin bundan sonra da davam etdirilməsi, zəruri ərzaq məhsulları ilə təminatın, ət və süd məhsullarına olan tələbatın ödənilməsi, meliorativ tədbirlərin davam etdirilməsi, torpaqlardan səmərəli istifadə olunması, o cümlədən turizm sənayesinin yaradılması istiqamətində görülən tədbirlərin davamlı olması ilə bağlı tapşırıqlarını verən dövlət başçısı 2016-cı ilin ikinci yarısının da uğurlu olacağına əminliyini ifadə edib.