Azərbaycanın bütün cənub-qərbi (Dağlıq Qarabağ bölgəsi və Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) Ermənistanın işğalı altındadır.
Azərbaycanın Xarici İşlər Nazirliyi həmin ərazilərə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının adını arzuolunmaz şəxslər siyahısına salır, onların Azərbaycana səfərini yasaqlayır. İyulun 5-nə siyahıda 590 nəfərin adı yer alır.
Ermənistan mənbələrinin məlumatına görə, 2015-ci ildə işğal bölgəsinə 16,5 min xarici səfər edib. Minlərlə ölçülməsə də, Xarici İşlər Nazirliyinin qara siyahısı ildən-ilə böyüyür. Məsələn, 2011-ci ildə arzuolunmaz şəxslər siyahısında 200-dən bir az çox xarici vətəndaşın adı olub. Elə həmin il işğal edilmiş ərazilərə qanunsuz səfər məsələsini ayrıca qanunla tənzimləməyə təşəbbüs göstərilib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev 2011-ci ildə Milli Məclisə “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi təqdim edib. Amma layihə müzakirəyə çıxarılmayıb.
Transparency.az hazırda qanun layihəsi ilə bağlı məsələnin nə yerdə olduğunu öyrənmək üçün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına müraciət edib. Partiya sədrinin müavini Elçin Mirzəbəyli deyib ki, təqdim etdikləri qanun layihəsi ilə bağlı dəfələrlə məsələ qaldırsalar da, parlament sənədi müzakirə çıxarmır: “Səbəbini bilmirik. Çünki müraciətimizə rəsmi cavab verilmir. Bunun əvəzində Xarici İşlər Nazirliyinin qara siyahısı genişlənir”.
Milli Məclisin deputatı Fazil Mustafa Transparency.az-a açıqlamasında həmkarı Qüdrət Həsənquliyevin təşəbbüsünün zərurətdən irəli gəldiyini deyib. O, Azərbaycanın işğal olunmuş əraziləri haqqında qanunun qəbul edilməsini vacib sayır: “İşğal zonasının statusu ilə bağlı məsələni hər zaman gündəmdə tutmalı, qanunla həmin ərazilərdə nəyin icazə verilib-verilmədiyini tənzimləməli, buna uyğun da davranmalıyıq.
Xarici İşlər Nazirliyinin qara siyahısı Azərbaycana səfər vizasının verilib-verilməməsi məsələsini tənzimləməlidir. Qanunda isə işğal olunmuş ərazilərə icazəsiz gedişlə bağlı cinayət təqibi və başqa sanksiyalar nəzərdə tutula bilər. Şəxsin ölkəsinə xəbərdarlıq məktublarının göndərilməsi, onun öz cəmiyyətlərində ifşa olunması və digər addımların atılması üçün qanunvericilik bazasının olması vacibdir”.
“2011-ci ildə təqdim olunan qanun layihəsi niyə müzakirəyə çıxarılmır” sualına Fazil Mustafa belə cavab verib: “Azərbaycanda hər şey vaxtında müzakirəyə çıxarılsaydı, Qarabağ işğal edilməzdi. Biz lazım olan məsələləri 10 il sonra dərk edirik, ona görə də qanun layihəsinin təqdim edilməsindən 10 il keçməlidir. Yəqin ki, 2021-ci ildə müzakirəyə çıxarılar”.
Beynəlxalq məsələlər üzrə ekspert Rövşən İbrahimli isə sözügedən təşəbbüsü diqqətəlayiq hesab etmir: “Bu, elə də əhəmiyyətli məsələ deyil. İşğal olunmuş ərazilərə qanunsuz gedişin qanun və ya direktivlə tənzimlənməsinin nəticə etibarilə heç bir fərqi yoxdur”.
Deputat Qüdrət Həsənquliyevin Milli Məclisə 2011-ci ildə təqdim etdiyi qanun layihəsinə əsasən, xarici ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə işğal edilmiş ərazilərə getməyə bu hallarda icazə verilir:
— Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olmayan dövlətlərin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərindən müvafiq qaydada viza almaqla və Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə Azərbaycan Respublikasının ərazisindən keçməklə;
— Azərbaycan Respublikası ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətlərin vətəndaşları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin razılığı əsasında Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə Azərbaycan Respublikasının ərazisindən keçməklə gedə bilərlər.
Layihəyə əsasən, Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə bu hüquqi proseduralardan kənar daxil olan bütün xarici ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq cəzalandırılırlar.
İşğal edilmiş ərazilərdə iqtisadi fəaliyyətin məhdudlaşdırılması da layihədə yer alır. Layihə müəlliflərinin fikrincə, bu fəaliyyət növləri qadağan edilməlidir:
— gəlir, qazanc əldə etmə və kompensasiya məqsədi daşımasından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən lisenziyalaşdırılması, razılaşdırılması və qeydiyyatı tələb olunan istənilən iqtisadi (sahibkarlıq və qeyri-sahibkarlıq) fəaliyyəti;
— hərbi və təkrar istifadə məhsullarının gətirilməsi və çıxarılması;
— beynəlxalq hava və dəmir yolu əlaqələri, eləcə də bütün nəqliyyat növləri vasitəsilə beynəlxalq yük daşınmaları;
— dövlət resurslarından istifadə olunması;
— pul köçürmələrinin təşkili.
Layihənin “İşğalçı dövlətlə münasibətlərin tənzimlənməsi” bölümündə deyilir: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan sülh danışıqlarında iştirak edən Azərbaycan Respublikasının mərkəzi icra strukturlarının, diplomatik nümayəndəliklərinin təmsilçiləri, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə müvafiq səlahiyyət verilmiş şəxslər istisna olmaqla təcavüzkar dövlətin dövlət və qeyri-dövlət qurumları, məhkəmə və qanunverici orqanları, siyasi partiyaları, ictimai birlikləri, kütləvi informasiya vasitələri, dövlət və özəl sahibkarlıq və qeyri-sahibkarlıq subyektləri və onların təmsilçiləri ilə əməkdaşlıq edən Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə cinayət məsuliyyəti daşıyırlar”.
Transparency.az bildirir ki, Xarici İşlər Nazirliyinin “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxmaq mexanizmi də var. Adı siyahıda olan əcnəbilər Azərbaycanın səfirliklərinə, ya Xarici İşlər Nazirliyinə müraciət edərək üzr istəyəndə onlara Azərbaycana səfər etmək imkanı verilir.
Son bir ildə Rusiya Federasiyasının vətəndaşı Artemiy Lebedev, Gürcüstan vətəndaşı, yazıçı David Turaşvili, Argentinanın “Tiempo Argentino” qəzetinin redaktor müavini Luis Faraoni, Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi, İsveç vətəndaşı Piter Semnebi, Serbiya vətəndaşı, jurnalist Slobodan Samarciya, “National Geographic” jurnalının əməkdaşı, ABŞ vətəndaşı Paul Salopek, Almaniya vətəndaşı, “Amonbe” Assosiasiyasının prezidenti Piter Qraf Şönborn, Rusiya Federasiyasının vətəndaşı, müğənni Stanislav Kostyuşkin əfvə düşüblər.