Qırğızıstan prezidenti Almazbek Atambayevin mahnısına klip çəkilib.
Novator.az xəbər verir ki, mahnının sözləri də Atambayevindir. O, mahnının sözlərini rusca yazıb, musiqisini bəstələyib və özü də oxuyur.
Mahnı “Taleyin acığına” (rusca: “Судьбе назло”) adlanır. Almazbek Atambayev bildirir ki, bu onun ilk mahnılarından biridir: “Bu mahnı mənim həyatımın devizidir. “Taleyin acığına” mənə istənilən çətinliyi aşmağa kömək edib”.
Klipin süjeti rejissor Melis Ubukeyevin “Qırğızfilm” kinostudiyasında çəkilmiş “Əyalətdə sevgi macərası” filminin motivlərinə əsaslanır.
Sentyabrın 17-də Atambayevin 60 yaşı tamam olur. Qırğızıstanın ən varlı adamlarından sayılan Atambayev həmişə ədəbi yaradıcılığa həvəs göstərib. O, sovet dövründə, 1983-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü olub. Prezident Almazbek Atambayev hazırda ictimai əsaslarla Qırğızıstan Yazıçılarının Ədəbi Fonduna başçılıq edir.