İyulun 1-də Avstriya Konstitusiya Məhkəməsi prezident seçkisinin ikinci turunun yenidən keçirilməsinə qərar verib. Novator.az-ın məlumatına görə, mayın 22-də keçirilmiş ikinci turun nəticələri uduzan tərəfin iddiası əsasında ləğv olunub.
Avstriyada prezident seçkisinin ikinci turunu 50,3% səslə Yaşıllar Partiyasından iqtisadçı professor Aleksandr Van der Bellen udub. Radikal millətçi, Azadlıq Partiyasının namizədi Norbert Hofer 49,7% səslə kifayətlənib.
Seçkinin nəticəsindən şikayət verən Azadlıq Partiyası səslərin sayılması zamanı çoxlu qanun pozuntusunun olduğunu iddia edib. Şikayətə görə, 573 min 275 bülletenin hesablanmasında qüsurlar olub.
72 yaşlı Aleksandr Van der Bellen 1970-ci illərdə Sosial Demokrat Partiyasına qoşulub, daha sonra Yaşıllar Partiyasını seçib. 1994-2012-ci illərdə Avstriya parlamentinin aşağı palatasının, 2012-2015-ci illərdə Vyana Şəhər Məclisinin üzvü olub.
45 yaşlı Norbert Hofer aviasiya mütəxəssisidir. 2006-cı ildən parlamentin üzvü olan Norbert Hofer 2013-cü ildən spikerin müavini postunu tutub.
Avstriya prezidenti 6 il müddətinə seçilir. Eyni şəxs dalbadal iki dəfədən artıq prezident ola bilməz.