“Baltika-Bakı” şirkəti pivə istehsalını müvəqqəti dayandıracağını açıqlayıb. Azadliq.org yazır ki, şirkət qərarını makroiqtisadi durum və milli valyutanın böhranı ilə əlaqələndirib. Açıqlamaya görə, manatın dəyərdən düşməsi əhalinin alıcılıq qabiliyyətinə kəskin mənfi təsir göstərib. Şirkət bəyan edib ki, ölkənin pivə bazarında ağır vəziyyət yaranıb. Bazarın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb, tendensiyanın hələ davam edəcəyi gözlənir.
Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Rövşən Ağayev yazır ki, “Baltika-Bakı”nın bağlanması ilə yerli istehsal faktiki yoxa çıxacaq: “Rəsmi məlumata əsasən, ölkədə pivə istehsalının 80%-ə qədəri bu zavodun payına düşür. Güman ki, müəssisədə yüzlərlə işçi çalışır. İndiki böhran şəraitində bu qədər insanın işsiz qalması fəlakətdir. Hökumətin indiki vergi siyasəti ölkədə onsuz da zəif potensiala malik biznesi tam çökdürəcək. Digər tərəfdən bazarın 80%-nə yaxınının bir şirkətin əlində cəmlənməsi, bu qədər kəskin inhisarçı mövqe əldə etməsi də qəbuledilməzdir”.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Azər Mehtiyev Azadliq.org-a deyib ki, hökumət ölkəyə valyuta daxilolmalarının azalması və büdcəyə vəsait toplanması sahələrində ciddi problemlərlə üzləşib: “Hər iki istiqamətdə atılan addımlar daha çox ümumi sabitliyi saxlamağa yönəlib. İqtisadi fəallığı aşağı salmaqla xarici valyutaya tələbatı və ölkədən valyuta çıxışını məhdudlaşdıran hökumət anlamalıdır ki, iqtisadi fəallıq və dövriyyənin azalması birbaşa vergi daxilolmalarının azalması ilə nəticələnir.
Ölkədəki biznes qurumları indiyədək tam fərqli mühitdə, fərqli şərtlərlə işləyib. Nağd və gizli dövriyyə yüksək olub, bütün sistemlər onun üzərində qurulub. Bu sistemlərin qəfil dağılması, xüsusilə dövlət sifarişlərinin kəskin azalması biznesin gəlir götürmək imkanlarını məhdudlaşdırıb. Hökumət neft gəlirləri dövründə formalaşan institutların yararsızlığı, yeni yaradılanların isə şəraitə uyğun olmaması ucbatından institusional tələyə düşüb. Ona görə də biznesin inkişafı ilə bağlı uzunmüddətli strategiya işlənməli, məmur sahibkarlığının aradan qaldırılması və rəqabətin inkişafı üçün ciddi addımlar atılmalıdır. İndiki proseslər, xüsusən nəyin bahasına olursa-olsun, büdcəyə daha çox vergi cəlb etmək cəhdləri ölkədə biznesi tam çökdürə bilər”.