Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyunun 30-da Azərbaycan dövlətini 230 min avro cərimələyib. Cərimələr Azərbaycanla bağlı çıxarılmış 18 qərarda nəzərdə tutulur.
“Azadlıq” radiosunun məlumatına görə, 18 işdən 13-də vəkil Əsabəli Mustafayev olub. O, Məmməd İbrahim, Əbülfəz Qurbanlı, Rüfət Hacıbəyli, Elşad Budaqov, Orxan Carçıyev, Vaqif Xalıqov, Hafiz Fərhadi, Elçin Cərullayev, İnqilab Kərimov, Şakir Abbasov, Zülfüqar Eyvazov, Təzəxan Mirələmli və Bəhruz Həsənovu təmsil edib. Bu şəxslər etiraz aksiyalarında iştiraka görə inzibati həbsə məruz qalanlardır.
Məhkəmə onların Avropa İnsan Hüquqları Konvensiyasında əksini tapmış hüquq və azadlıqlarının (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli araşdırma hüququ, qanunsuz cəzalandırılmamaq hüququ, sərbəst toplaşma azadlığı) pozulduğunu tanıyıb.
Kompensasiya hamıya eyni olub, ümumi məbləğ 165 min avro təşkil edir.
AİHM-in digər 4 qərarı seçkilər zamanı pozuntulara dair şikayətlərlə bağlıdır. Məhkəmə müxalif partiyaların təmsilçiləri Nurəddin Məmmədli, Dünyaxanım Cərullayeva, İltizam Əkbərli və Nobatəli Pələngovun şikayətlərini təmin edib. Qərara əsasən, hökumət hər şikayətçiyə 10 min avro və ümumilikdə hüquqi yardımdan ötrü 4 min avro ödəməlidir.
AİHM-in sonuncu qərarı mülkiyyət hüququnun pozuntusu ilə bağlı Rüstəm Dəmirovun şikayəti üzrə olub. Məhkəmə həmin işdə hökuməti 20 min 900 avro cərimələyib.