Türkiyənin keçmiş xarici işlər və baş naziri Əhməd Davudoğlu “qonşularla sıfır problem” nəzəriyyəsinin banisi olsa da, reallıqda bu nəzəriyyəni həyata keçirə bilmədi, tam əksinə – Ankaranın bir çox ölkə ilə münasibətləri obyektiv və subyektiv səbəblərdən gərginləşdi.
Suriya ilə münasibətlərin gərginləşməsində obyektiv səbəblər çoxluq təşkil edirdi. Çünki Bəşər Əsəd rejimi ölkədə vətəndaşların narazılığını silah gücünə yatırtmaq istədi, nəticədə yüz minlərlə insan qətlə yetirildi və Suriyada müxtəlif terrorçu təşkilatlar üçün meydan açıldı. Buna baxmayaraq, Ankaranın Misir və İsraillə münasibətlərini gərginləşdirməsi daha çox subyektiv səbəblərlə əlaqəli idi. Ankara Misirdə “Müsəlman qardaşlar”ın hakimiyyətdən uzaqlaşdırılmasına qarşı sərt bəyanatlar verərək prezident seçilən general Əbdülfəttah əl-Sisi ilə münasibətlər qurmadı. Ankara bundan əvvəl isə İsrail hakimiyyətini Qəzza bölgəsindəki bombardmanlara görə tənqid edirdi. Türkiyənin hazırkı prezidenti Rəcəb Teyyub Ərdoğan baş nazir olan vaxt Davos İqtisadi Forumunda İsrail prezidenti Şimon Peresi sərt tənqid etdi və bununla da münasibətlərdə soyuqluq yarandı. Üstündən bir müddət keçdikdən sonra İsrail hərbçiləri Qəzza bölgəsinə humanitar yardım daşıyan “Mavi Mərmərə” gəmisinə hücum etdilər və bu hücum mülki insanların həlak olmasıyla nəticələndi. Bununla da iki dövlət arasında münasibətlər gərginləşdi. Halbuki bu hadisələrə qədər iki dövlət strateji tərəfdaş idi, hətta birgə hərbi təlim də keçirirdilər. Türkiyə və İsrail rəsmilərinin yanlış açıqlama və addımları tərəfdaşları düşmənə çevirdi.
Münasibətlərin soyumasının Türkiyə-İsrail münasibətlərinin zərərinə olduğunu hər iki dövlətin rəsmiləri tez anladılar və diplomatik danışıqlar başlandı. Üstündən illər keçdikdən sonra iki dövlət münasibətləri normallaşdırmağa imkan verən sənədə imza atdılar. Bu sənəd hər iki dövlətin xeyrinədir. İsrail dövləti ölən Türkiyə vətəndaşlarının ailələrinə təzminat ödəyəcək, Türkiyədən Qəzzaya yardımlar aparılmasına şərait yaradacaq, Türkiyə bu bölgəyə su və elektrik xətləri çəkəcək. Bunun qarşılığında da İsrail istismara başladığı qazı Türkiyə üzərindən Avropa bazarlarına daşımaq imkanı qazanacaq.
Türkiyə-İsrail münasibətlərini normallaşdıran sənədin imzalanmasıyla eyni gündə Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə üzrxahlıq məktubu yazması təsadüfi deyildi. Ərdoğan bununla göstərdi ki, ondan da üzr istəyirlər (İsrail), o da bir başqasından (Rusiyadan) üzr istəməyə hazırdır və bunda bir qəbahət görmür. Ərdoğanın Putinə məktubundakı mətndə Moskvanın bütün tələbləri yerinə yetirilib. Birincisi, məktubda Türkiyənin sərhədini pozan Rusiya təyyarəsinin vurulmasına görə “üzr istəyirəm” ifadəsi var, ölən pilotun ailəsinə təzminat veriləcəyinə işarə vurulur, digər tərəfdən pilotu öldürən şəxsin məsuliyyətə cəlb ediləcəyi də istisna deyil.
Türkiyə-Rusiya münasibətlərinin gərgin olması hər iki dövlətin ziyanına idi. Rusiya Türkiyə mallarına qadağa qoymuşdu, türk biznesmenləri sıxışdırırdı, vətəndaşlarına Türkiyədə dincəlməməyi tövsiyə edirdi. Bütün bunlar Türkiyəyə on milyardlarla dollar zərər vura bilərdi. Halbuki Ərdoğan Putinlə görüşlərinin birində iki ölkə arasında ticarət mübadiləsinin həcmini 100 milyard dollara çatdırmağı hədəf qoymuşdu. Münasibətlərin gərginləşməsi bu hədəfi heçə endirirdi.
Rusiyanın bu arada müxtəlif yollarla terrorçu PKK-ya silah və raket ötürdüyü xəbərləri də artmışdı. Münasibətlərin gərginləşməsindən Rusiya da itirirdi. Çünki, birincisi, Rusiya Türkiyə üzərindən Avropaya uzanan “türk axını” qaz boru xəttini inşa etmək istəyirdi, ikincisi, Türkiyədə dəyəri 20 milyard dollar olan atom elektrik stansiyasının tikintisi kimi nəhəng layihə gündəmdə idi. Türkiyə ilə Rusiyanı yaxınlaşdıran daha bir səbəb var idi. Hər ikisinin ABŞ və Avropa İttifaqı ilə münasibətlərində soyuqluq var. ABŞ və Avropa İttifaqı Krımın işğalı və Donbas separatçılarına verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiyaların vaxtını uzadıb. Türkiyə isə Avropa İttifaqının verdiyi vədin əksinə olaraq viza məsələsini həll etmədiyinə görə Brüsseldən narazıdır. ABŞ-ın Suriyadakı silahlı kürd qruplaşmalarına verdiyi dəstək də Ankaranı narahat edir. Odur ki, belə bir geosiyasi şəraitdə Türkiyə-Rusiya yaxınlaşmasının alternativi qalmadı.
Ancaq bundan sonra Rusiyada Türkiyə əleyhinə olan ritorikanın dəyişməsinə ehtiyac var. Çünki son aylarda Kremlin ruporu olan media strukturları Türkiyə əleyhinə təhqiramiz təbliğat aparırdı. Bu təbliğatda Türkiyənin hətta İŞİD terrorçu qruplaşmasına dəstək verdiyi də iddia edilirdi. Halbuki İŞİD Türkiyə ərazisində partlayış törədir, Türkiyə vətəndaşlarını qətlə yetirir. Bir ölkə ona hücum edən qruplaşmaya dəstək verərmi?
Əslində Ankara İsraillə olduğu kimi Kremllə münasibətlərin normallaşması üçün də “yol xəritəsi” üzərində işləyirdi. Rusiya ilə münasibətlərin normallaşmasını hədəfləyən “yol xəritəsi” 9 maddədən ibarətdir. Böyük ehtimalla Ərdoğanın məktubundakı ifadələr də Kremllə əvvəlcədən razılaşdırılıb. Təsadüfi deyil ki, məktubun mətni yayılandan bir gün sonra Putinlə Ərdoğan arasında telefon danışığı baş tutdu. İŞİD terrorçu qruplaşmasının İstanbulda Atatürk hava limanına hücumu Türkiyə ilə Rusiyanın bu qruplaşmaya qarşı birgə mübarizəsini də aktuallaşdırır.
Türkiyə-İsrail və Türkiyə-Rusiya münasibətlərinin normallaşması Azərbaycanın da milli və təhlükəsizlik maraqlarına cavab verir. Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail və Rusiya isə strateji tərəfdaşları sayılır. Təsadüfi deyil ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin normallaşmasında Azərbaycanın rolu olduğunu Türkiyənin baş naziri Binəli Yıldırım da etiraf etdi.
Birincisi, münasibətlərin normallaşması Azərbaycanı çətin seçimdən qurtarır. Çünki, məsələn, Türkiyənin İsraillə münasibətlərinin gərgin olduğu illərdə Ankara Bakının İsraillə siyasətinə yenidən baxmasını arzulayırdı. Hətta Türkiyənin Azərbaycandakı səfiri (artıq keçmiş səfirdir) Bakının İsraillə münasibətlərini yenidən dəyərləndirməsi fikrini səsləndirmişdi. Aydın idi ki, bu, səfirin şəxsi fikri deyildi. Ancaq rəsmi Bakı strateji müttəfiqi Türkiyə istəyir deyə İsraillə münasibətlərini soyuda bilməzdi. Azərbaycan Türkiyə kimi İsrailə də neft satır və Türkiyə kimi İsraildən silah və hərbi texnika alır. Cəbhə bölgəsində aprel döyüşləri göstərdi ki, Azərbaycanın İsraildən aldığı silahlara ehtiyacı var.
İkincisi, Türkiyə-Rusiya münasibətlərinin gərgin qalması işğalçı Ermənistana və Rusiyadakı güclü erməni lobbisinə, onların təsiri altında olan siyasi ekspertlərin maraqlarına xidmət edirdi. Onlar Türkiyə-Rusiya münasibətlərinin gərginliyindən Azərbaycana qarşı istifadə etməyə çalışırdılar. Rusiyadakı siyasi mərkəzlər Dağlıq Qarabağda aprel döyüşlərinin Türkiyənin təhriki ilə baş tutduğuna dair reallığı əks etdirməyən fikirlər səsləndirirdilər. Əlbəttə, Türkiyə-Rusiya barışığı birbaşa Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməsə də, iki dövlət arasındakı münasibətlərin normallaşması və əməkdaşlığa başlaması Cənubi Qafqazda müsbət atmosfer yaradacaq.
“Atlas” Araşdırmalar Mərkəzi