Azərbaycan Respublikası prezidentinin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İlham Əliyev iyunun 29-da Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana zəng edib. Dövlət başçısı İstanbulun Atatürk Hava Limanında törədilmiş terror aktı nəticəsində çoxlu insanın həlak olması ilə əlaqədar Türkiyə prezidentinə, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına başsağlığı verib.
Prezident İlham Əliyev terrorçuların çirkin əməllərini qətiyyətlə pisləyərək Azərbaycanın həmişə olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında olduğunu vurğulayıb.
Türkiyə prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
İstanbulun Atatürk Hava Limanında iyunun 28-də baş verən terror aktında 41 nəfər ölüb. İstanbul Valiliyinin iyunun 29-da açıqladığı məlumata görə, faciə nəticəsində yaralanan 239 nəfərdən 109-u evə buraxılıb.
İyunun 28-i axşam saat 10 radələrində 3 terrorçu-kamikadzenin özlərini xarici uçuş terminalının gediş-gəliş zolaqları və avtomobil dayanacağında partlatdığı xəbər verilib. Son məlumata görə, terrorçulardan biri xarici uçuş terminalının əsas girişindən içəri daxil olub. Burada o, yoxlanış cihazından keçə bilməyəcəyini müəyyən edib, odlu silahdan ətrafa atəş açıb. Polis əməkdaşı onu güllələyib. Yaralı terrorçu üzərindəki partlayıcını işə salıb.
İkinci terrorçu da yoxlanış kamerası qarşısında atəş açaraq üzərindəki bombanı partladıb.
Növbəti partlayış hava limanından çıxan vətəndaşların avtomobillərə mindiyi ərazidə olub. Terrorçu əvvəlcə atəş açıb, ətrafdakı polislərlə əlbəyaxa olub və bundan sonra bomba partlayıb.