“Fuad Qəhrəmanlının “Facebook” statuslarını bəyənmiş adamları istintaqa çağırıb şahid qismində dindirərək ifadələri sübut kimi təqdim ediblər”. Vəkil Yalçın İmanov “Azadlıq” radiosuna belə deyib.
AXCP sədrinin müavini olan Fuad Qəhrəmanlı 2015-ci il dekabrın 8-də hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlar etmə, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər ittihamı ilə tutulub. Bu ilin mayında ona hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə ittihamı da irəli sürülüb.
Vəkili Yalçın İmanov “Azadlıq” radiosuna bildirib ki, Fuad Qəhrəmanlı “Facebook” statuslarına görə həbs edilsə də, onun işi Nardaran hadisələrində tutulanların cinayət işinə birləşdirilib: “İstintaq yekunlaşıb və tərəflər iş materialları ilə tanış olublar. İstintaq birtərəfli, qərəzli aparılıb. Görünür ki, istintaq obyektiv araşdırma aparmağa yox, yalnız ittiham üçün dəlillər toplamağa çalışıb. Bununla belə, Fuad Qəhrəmanlıya qarşı ittihamı sübut edəcək ciddi heç nə ortaya çıxara bilməyiblər. Ona görə də materiallarla tanışlıqdan sonra istintaq orqanına Fuad Qəhrəmanlı barəsində cinayət işinə xitam verilməsi haqda vəsatət təqdim etdik. Amma təmin olunmadı. Bir daha aydın oldu ki, məqsəd nə yolla olursa olsun Fuad Qəhrəmanlını həbsdə saxlamaqdır.
Cinayət işi yaxın vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Fuad Qəhrəmanlı həbsdə olan ilahiyyatçı Taleh Bağırov və digərləri ilə birlikdə məhkəmə qarşısına çıxarılacaq”.
Yalçın İmanov əlavə edib ki, iyunun 28-i Bakı Apellyasiya Məhkəməsində Fuad Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin daha bir ay uzadılmasından verilmiş şikayətə baxılıb. Şikayət təmin olunmayıb: “Fuad Qəhrəmanlı prosesdə iştirak etməyib. Özü məhkəməyə ərizə göndərmişdi ki, apellyasiya şikayətinə onun iştirakı olmadan baxılsın. Fuad Qəhrəmanlı hesab edir ki, məhkəmə müdafiəsi səmərəli deyil və əziyyət çəkib gəlib bu prosesdə iştirak etmək istəmir. Yəni bu müəyyən mənada təqsirləndirilən şəxsin məhkəmənin ədalətsizliyə, qeyri-obyektivliyinə etirazı kimi də qəbul oluna bilər”.
2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı 5 nəfər həlak olub. Əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla xeyli adam tutulub. Həbslər Bakıda və bölgələrdə aparılıb. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb.
Baş Prokurorluq Fuad Qəhrəmanlının həbsi ilə bağlı məlumatında bəyan edib ki, aparılmış istintaqla Fuad Qəhrəmanlının “Facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində 2015-ci ilin sentyabr ayından başlayaraq yaydığı çoxsaylı informasiyalarda vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırışlar etməsi, islam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməsinə dair kifayət qədər sübutlar toplanıb: “Öz çağırışları ilə Fuad Qəhrəmanlının insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd etdiyinə dair əsaslı şübhələr mövcuddur.
Fuad Qəhrəmanlının Taleh Bağırov və tərəfdaşları tərəfindən silahlı ekstremist dəstə yaratmaqla Nardaran qəsəbəsində din pərdəsi altında törədilən ağır və xüsusilə ağır cinayətlərə bəraət qazandırmağa çalışaraq insanları meydan mübarizəsinə hazırlaşmağa, qorxmadan meydanlara çıxaraq hakimiyyətin zorla ələ keçirilməsinə, davamlı və kütləvi şəkildə etiraz aksiyaları keçirərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etməsinə dair məlumatlar əldə edilib”.
Fuad Qəhrəmanlı 1975-ci ildə Şahbuz rayonunda doğulub. Dövlət İdarəçilik Akademiyasını politoloq ixtisası üzrə bitirib. 1990-cı ildən Azərbaycan Xalq Cəbhəsinin üzvüdür. 1994-1997-ci illərdə “Avrasiya”, “Azadlıq”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 1998-ci ildə “Müxalifətin mitinq taktikası” adlı çap olunmamış məqaləyə görə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 1 il 2 aylıq həbsdən sonra azadlığa buraxılıb. 2000-ci ildə AXCP Analitik Mərkəzinin rəhbəri təyin edilib. Həmin il partiya Ali Məclisinin üzvü seçilib. 2003-cü ildən AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü, 2009-cu ildən AXCP sədrinin müavinidir.
Fuad Qəhrəmanlı 2011-ci ildə müxalif İctimai Palatanın razılaşdırılmamış 2 aprel mitinqinə görə 2 il müddətinə şərti azadlıqdan məhrum edilib.