QHT-lərin vəziyyəti: hökumət və beynəlxalq təşkilatlar tənqid olundu
İyunun 28-də Sivil Toplum Platforması (STP) “Azərbaycanda QHT-lərin hazırkı vəziyyəti və problemlərdən çıxış yolları” mövzulu forum təşkil edib. Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində keçirilən ictimai müzakirələrə QHT, media, siyasi partiya təmsilçiləri, diplomatik korpus nümayəndələri qatılıblar.
Müzakirələr İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, STP üzvü Azər Mehtiyevin moderatorluğu ilə keçirilib.
Azər Mehtiyev son illərdə ölkədə QHT mühitinin olduqca pisləşdiyini vurğulayıb. Onun bildirdiyinə görə, QHT mühitinə müdaxilələr – qanunvericiliyə dəyişikliklər, QHT-lərlə bağlı cinayət işləri, vergi yoxlamaları olduqca gərgin durum yaradıb, dövlət qeydiyyatına alınmış, özəlliklə gerçək funksiyalarını yerinə yetirən, toplumun ayrı-ayrı kəsimləri üçün faydalı olan QHT-lərin əksəriyyəti fəaliyyətini dayandırmaq zorunda qalıb.
Hüquqşünas Xalid Ağaliyev STP-nin QHT-lərin durumu ilə bağlı hazırladığı hesabatı təqdim edib. O qeyd edib ki, rəsmi bilgilərə görə, Azərbaycanda dörd mindən artıq QHT qeydiyyatdan keçib: “Əhalisi 4 milyon civarında olan Gürcüstandakı QHT-lərin sayı 20 mindən artıq, əhalisi 1 milyon yarımdan az olan Estoniyada isə 34 mindən çox QHT fəaliyyət göstərir. Təəssüflər olsun ki, Azərbaycanda qeydiyyatı olan QHT-lər üçün belə iş mühiti son illərdə olduqca pisləşib”.
Xalid Ağaliyev bildirib ki, QHT sahəsini tənzimləyən qanunlara ciddi məhdudlaşdırıcı dəyişikliklər edilib. Əsas dəyişikliklərin 2013 və 2014-cü illərdə olduğunu, QHT qanununa üst-üstə 40-dək dəyişikliyin edildiyini bildirən hüquqşünas QHT-lərin qeydiyyatındakı problemlərə toxunub: “Kommersiya hüquqi şəxslərinin qeydiyyatı üçün maksimum 3 iş günü tələb edildiyi halda QHT-lərin qeydiyyatına 40 gün, əlavə araşdırma zəruri olduqda daha 30 gün əlavə edilir. Qeydiyyat qurumu bütün proseduru qanun çərçivəsində idarə etdikdə bir QHT-nin qeydiyyatı prosesi ümumilikdə 140 təqvim günü apara bilir. Təcrübədə durum daha pisdir.
QHT-lərin məsuliyyəti də ağırlaşdırılıb. QHT qanununa edilən dəyişikliklərə görə, QHT-yə bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verilərsə, QHT Ədliyyə Nazirliyinin müraciəti əsasında məhkəmənin qərarı ilə ləğv edilə bilər.
İnzibati məsuliyyət də ağrılaşdırılıb, 2016-cı ildə qüvvəyə minən İnzibati Xətalar Məcəlləsi QHT-lər üçün olduqca ağır cərimələr nəzərdə tutur. Bu cərimələrin məbləği 25 min manatı ötür.
QHT-lərin qrantlara çatımı, demək olar ki, mümkünsüz olub. Nazirlər Kabineti 2015-ci ilin iyununda “Qrant müqavilələrinin qeydə alınması qaydası”nı təsdiqləyib. Ardınca hökumət “Xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydası”nı qəbul edib. Ədliyyə Nazirliyi Kollegiyası isə “Qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi” qaydalarını təsdiqləyib”.
Qeyd edilən aktların qrantlara çatımı mümkünsüz etdiyini bildirən Xalid Ağaliyev deyib ki, 2014-cü ilin mayında Baş Prokurorluğun Ədliyyə Nazirliyinin məlumatları əsasında QHT-lərlə bağlı cinayət işi açması ilə əsas QHT-lər tamamilə sıradan çıxarılıb: “Həmin cinayət işinin ardınca əsas QHT-lərin, onların rəhbərlərinin, işçilərinin bank hesablarına həbs qoyulub, ölkədən çıxmaları yasaqlanıb, istintaqa cəlb ediliblər. Digər tərəfdən vergi yoxlamaları başlanıb, ağır vergi cəzaları tətbiq edilib”.
Xalid Ağaliyevin sözlərinə görə, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi, Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Media Hüququ İnstitutu, Sülh və Demokratiya İnstitutu, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, İnsan Hüquqları Klubu, Hüquq Maarifçiliyi Cəmiyyəti, Demokratik Jurnalistika Mərkəzi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi, Könüllülərin Beynəlxalq Əməkdaşlıq İctimai Birliyi və digər təşkilatlar vergi yoxlamasına məruz qalıb: “Həmin təşkilatlara tətbiq edilən vergi cəzalarının məbləği 1 milyon manatdan artıqdır. Təkcə yerli təşkilatlar deyil, Oxfam, İREX, Chamonix İnternational, Milli Demokratiya İnstitutu, World Vision, ABA CEELI, OSIAF, Fridrix Ebert Fondu, Fridrix Nauman Fondu kimi xarici QHT-lər də yoxlama və istintaqa məruz qalıb. Xarici QHT-lərin məruz qaldığı vergi cərimələrinin məbləği 3 milyon manatdan artıqdır”.
Hüquq müdafiəçisi Bəşir Süleymanlı STP-nin hökumətə tövsiyələrini təqdim edib. Tövsiyələrə görə, hökumət QHT-lərin qeydiyyat prosedurunu sadələşdirməli, mətbu orqanlarda olduğu kimi bildiriş sistemini tətbiq etməlidir: “QHT-lərin fəaliyyətinə mane olan bütün məhdudlaşdırıcı normalar aradan qaldırılmalı, qrant və ianələrin qeydiyyat sistemi ləğv edilməli, alınan qrant və ianələr haqqında məlumat sadəcə illik maliyyə hesabatında verilməli, donorların qeydiyyatını tələb edən sistemdən imtina olunmalıdır. Habelə qanunlara edilmiş, vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətini məhdudlaşdıran dəyişikliklər ləğv olunmalıdır. Fəaliyyətini dayandırmaq zorunda qalan QHT-lərə qarşı tətbiq olunan bütün məhdudiyyətlər – cinayət işləri, bank hesablarına həbslər, ölkədən çıxış yasaqları, vergi cərimələri ləğv edilməli, məhkumluğu olan QHT təmsilçilərinin məhkumluqları aradan qaldırılmalıdır”.
Müzakirələr zamanı çıxış edən AXCP sədri Əli Kərimli problemlərin ayrı-ayrılıqda həll edilməsinin mümkünsüzülüyünü vurğulayıb. Onun qənaətinə görə, hökumət yalnız QHT-ləri hədəf almayıb, ayrı-ayrı vaxtlarda müxtəlif institutlar QHT-lərin üzləşdiyi çətinlikləri yaşayıb: “Hökumət siyasi məhbus məsələsi ilə bağlı beynəlxalq ictimaiyyəti yanlış bilgiləndirmək üçün lobbiçilik edirdi. QHT-lərin problemləri ilə bağlı yanlış rəy formalaşdırmaq, hər şeyin yolunda olduğu görüntüsünü yaratmaq üçün də lobbiçilik edir, edəcək. Buna görə ölkənin demokratikləşməsini istəyən hər kəs həmrəy olmalıdır”.
STP üzvü, hüquqşünas Ələsgər Məmmədli QHT mühitinin çox ağırlaşdığını, beynəlxalq qurumların bunun fərqində olmasının vacibliyini ifadə edib. O deyib ki, hökumət QHT-lərlə bağlı imitasiya ilə məşğuldur: “Təəssüflər olsun ki, beynəlxalq qurumlar da bu imitasiyanın parçası olur. Beynəlxalq qurum hökumətin formalaşdırdığı şərtləri qəbul etməklə donor kimi qeydiyyatdan keçir. Hökumət bununla göstərmək istəyir ki, tətbiq edilən hüquqi mexanizmlər işləmək üçün uyğundur. Mən USAİD-i, Avropa Komissiyasını və donor qismində çıxış edən başqa beynəlxalq qurumları hökumətin imitasiya siyasətinin parçası olmamağa çağırıram. Beynəlxalq qurumların belə davranması Azərbaycanda vətəndaş cəmiyyətinin son nəfəsini kəsmək olardı”.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bütün cəmiyyətin ağır durumda olmasından danışıb. O qeyd edib ki, belə durumda bütün institutlara yönəlik fəaliyyət tövsiyələrinin hazırlanmasına zərurət var: “QHT və siyasi partiyalar öz istiqamətləri üzrə daha effektiv çalışmalı, lazım gələndə bir-birinə dəstək verməlidir”.
İsa Qəmbər beynəlxalq təşkilatların qrant strategiyasını da tənqid edib. Onun fikrincə, Azərbaycanla bağlı layihələr daha çox müşahidə məzmununda olur: “Monitorinqlər aparılır. Amma başqa postsovet ölkələrində icra olunan layihələrdə diqqət daha çox mövcud problemlərin həllinə yönəlir. Həm də eyni məzmunlu layihələrdə Ermənistan QHT-lərinə Azərbaycan QHT-lərindən qat-qat artıq vəsait ayrılır”.
STP üzvü, jurnalist Aynur İmranova Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların həyata keçirdiyi layihələrin məzmununu tənqid edib. Onun sözlərinə görə, həmin qurumlar real fəaliyyəti olan təşkilatlara yox, hökumətin nəzarətində olan QHT-lərlə əməkdaşlıq edirlər.
STP üzvü, Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov bildirib ki, son vaxtlar rəsmi açıqlamalarda QHT-lərin durumunun düzəlməkdə olduğu vurğulanır: “Əslində isə fundamental bir dəyişiklik yoxdur. Dəyişiklik olması üçün qanunvericilik dəyişməli, hökumətin vətəndaş cəmiyyətinə yanaşması fərqli olmalıdır. Ancaq bunların heç biri baş verməyib”.
STP üzvü, “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev deyib ki, hazırkı durum böhran durumudur: “Hamı, o cümlədən hökumət də çıxış yolu axtarır. Ancaq hökumət yenə də imitasiya etmək, minimal islahatlarla cəmiyyəti razı salmaq istəyir. Bir yandan hökumət donor təşkilatları ölkəyə qaytarmağa, o biri yandan da onları nəzarət altında saxlamağa çalışır”.
Müzakirələr zamanı Müsavat Partiyası başqanının müavini Elman Fəttah, Milli Şura üzvü Gültəkin Hacıbəyli, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, hüquq müdafiəçisi Elşən Həsənov və digərləri çıxış ediblər. Onlar problemlərin çözümü üçün həmrəyliyin vacibliyini vurğulayıblar.
Əlaqədar dövlət qurumlarının nümayəndələri dəvətli olsalar da, onlardan yalnız parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təmsilçisi tədbirə qatılıb.