“Ermənistan rəhbərliyi danışıqları davam etdirmək üçün bir neçə şərt irəli sürüb. Onların heç biri qəbul oluna bilməz. Çünki bizə heç kim şərt qoya bilməz”. Prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev iyunun 25-i Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş yaşayış binasına baş çəkərkən belə deyib.
Yeni bina 14 mərtəbəlidir. Binada ümumilikdə 65 mənzil var. Onlardan 39-u ikiotaqlı, 26-sı isə üçotaqlıdır. İkiotaqlı mənzillərin sahəsi 91, üçotaqlı mənzillərin sahəsi isə 100 kvadratmetrdir.
İlham Əliyev hərbçilərlə görüşündə qeyd edib ki, 2011-ci ilin sonunda imzaladığı sərəncam əsasında 20 il ərzində hərbi xidmətdə qüsursuz xidmət göstərmiş hərbçilərə dövlət vəsaiti hesabına tikilmiş mənzillər verilir: “Bu proqram çərçivəsində artıq 900-ə yaxın hərbçi mənzillə təmin edilib, yüzlərlə hərbçinin mənzil-məişət problemləri yaxın zamanlarda öz həllini tapacaq”.
Prezident deyib ki, dövlət büdcəsinin əsas xərcləri hərbi məqsədlərə sərf olunur: “Büdcə xərclərinin artması nəticəsində son illər ərzində Azərbaycanda görülən işlər göz qabağındadır. Bu gün ordumuz maddi-texniki təchizat baxımından güclü ordular sırasındadır. Son illər ərzində əldə etdiyimiz texnika, silah-sursat ən yüksək standartlara cavab verir. Bu gün ordumuz yüksək dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan hərbi silahlardan istifadə edir. Yəni ordumuzun bütün ehtiyacları təmin edilir.
Bununla bərabər bir neçə ildir ki, əsgərlər hərbi hissələrdə mülki işlərə cəlb olunmurlar, onların yerinə mülki vətəndaşlar cəlb edilib və biz burada iki məqsədi güdürük — ilk növbədə əsgərlər orduda xidmət etməli və öz peşəkarlıqlarını artırmalıdırlar, digər tərəfdən bu, mülki vətəndaşlar üçün yeni iş yerlərinin açılması deməkdir. Bu proqram çərçivəsində artıq minlərlə mülki şəxs hərbi hissələrdə işləyir, yaxşı maaş alır.
Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır, görülən işlər də göz qabağındadır. Bununla paralel olaraq Azərbaycanda hərbi-sənaye kompleksi yaradılıb və mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu, həm ordumuzun ehtiyacını ödəyir, eyni zamanda biz artıq xarici bazarlara da çıxmışıq”.
Dövlət başçısı qeyd edib ki, ordunun maddi-texniki təminatını daha da genişləndirmək və yaxşılaşdırmaq üçün bu yaxınlarda müvafiq göstərişlər verib: “Artıq Azərbaycana yeni silahlar, texnikalar gətirilir. Bu, son bir-iki ay ərzində baş verir. Bu proses davam etdiriləcək. Bizim kifayət qədər maddi imkanlarımız var və biz bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Bir mənbədən asılı deyilik. Biz bütün başqa sahələrdə olduğu kimi bu sahədə də şaxələndirmə yolu ilə gedirik”.
İlham Əliyev Qarabağ danışıqlarına da toxunub: “Bildiyiniz kimi, Ermənistan danışıqlar prosesini pozmaq və danışıqlar prosesinə zərbə vurmaq üçün aprel ayında bizə qarşı silahlı təxribata əl atdı. Bizim mövqelərimiz atəş altına düşdü. Mülki vətəndaşlara qarşı silahdan istifadə edildi və 6 mülki şəxs erməni təxribatı nəticəsində həlak oldu. Hərbçilərimiz həlak oldular, yaralandılar. Təbii ki, Azərbaycan düşmənə layiqli cavab verməli idi və verdi. Aprel döyüşləri, — mən bunu artıq demişəm, — tarixdə bizim böyük hərbi qələbəmiz kimi qalacaq. Azərbaycan ordusu böyük qəhrəmanlıq göstərib, işğal edilmiş torpaqların bir hissəsini, daha dəqiq desəm, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib və strateji yüksəklikləri öz nəzarəti altına qaytarıb.
Əminəm ki, bu hadisələr həm Ermənistana, həm də bu məsələ ilə məşğul olanlara ciddi siqnal oldu. Çünki Ermənistanın istəyi sirr deyil. Onlar bu prosesi sonsuz proses kimi görmək, status-kvonu saxlamaq istəyirlər. Görəndə ki, onlara qarşı beynəlxalq vasitəçilərin təzyiqi artır, müxtəlif təxribatlara əl atırlar. Məsələn, 2014-cü ilin noyabrında bizə qarşı silahlı təxribat törətdilər və biz layiqli cavab verəndən sonra bundan istifadə edərək, bunu bəhanə gətirərək Ermənistan danışıqları demək olar ki, dondurmuşdu. 2014-cü ilin noyabrından 2015-ci ilin dekabrına qədər demək olar ki, heç bir danışıq aparılmırdı. 2015-ci ilin dekabrında Ermənistan və Azərbaycan prezidentlərinin görüşü formal xarakter daşıyırdı. Görəndə ki, bu il onlara vasitəçilərin siyasi təzyiqi artır, növbəti silahlı təxribata əl atdılar. Amma əminəm ki, indi bunun acısını çəkirlər.
Münaqişə tezliklə həll olunmalıdır, beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz. Heç vaxt Azərbaycan dövləti öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək və bu, danışıqlar mövzusu deyil, heç vaxt olmayıb. Məsələ mərhələli yolla öz həllini tapa bilər və əminəm ki, biz məsələni bu yolla həll edə bilərik. Ancaq əlbəttə ki, burada işğalçı Ermənistana beynəlxalq vasitəçilər və geniş mənada beynəlxalq birlikdən daha da ciddi təzyiq göstərilməlidir.
Bildiyiniz kimi, aprel hadisələrindən sonra Ermənistan rəhbərliyi danışıqları davam etdirmək üçün bir neçə şərt irəli sürüb. Onların heç biri qəbul oluna bilməz. Çünki bizə heç kim şərt qoya bilməz. Danışıqları aparmaq bizə göstərilən minnət deyil. Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa onları nələr gözləyir. Ona görə, təbii ki, Azərbaycan tərəfi danışıqlara heç bir şərt qəbul etmədən qoşulub. Vyana görüşü Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə keçirildi. Hesab edirəm ki, Vyana görüşünün müsbət nəticələri oldu. Yəni Ermənistan tərəfinin qoyduğu şərtlər qəbul edilmədi. Azərbaycan tərəfi Vyanada hər hansı bir sənədə imza atmadı. Sadəcə olaraq həmsədr ölkələr öz bəyanatını verdilər, bu, onların bəyanatıdır.
Müsbət hal ondan ibarətdir ki, Vyana görüşündən bir ay keçəndən sonra artıq Rusiya tərəfinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində növbəti görüş keçirildi. Bu görüşü biz müsbət qiymətləndiririk. Xarici İşlər Nazirliyi Azərbaycanın rəsmi mövqeyini bildirib və bu mövqe, təbii ki, ictimaiyyət üçün də açıqdır.
Mən öz tərəfimdən qeyd etmək istəyirəm və hesab edirəm ki, Sankt-Peterburq görüşünün müsbət nəticələri var. Ümid edirəm ki, bu proses sürətlə davam etdiriləcək. Yenə də heç bir şərt qəbul etmədən biz bu danışıqlara gedirik. Danışıqlar mənalı, predmetli olmalıdır, sadəcə olaraq görüntü, imitasiya naminə aparılmamalıdır.
Sankt-Peterburq görüşünün nəticəsi olaraq birgə bəyannamə qəbul edildi. O da ictimaiyyət üçün təqdim edildi. O bəyannamədə hər şey, xüsusilə, məsələnin həlli yolları göstərilir. Bununla bərabər ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin işçilərinin say tərkibinin artırılması məsələsi də müzakirə edildi. Düzdür, orada say göstərilmir. Ancaq mən deyə bilərəm ki, əgər bu gün o ofisdə 6 nəfər işləyirsə, bu, maksimum 2 dəfə, 2,5 dəfə artırıla bilər. Yəni burada böyük missiyadan söhbət getmir. Nəzərə alsaq ki, təmas xətti on kilometrlərlə ölçülür, bu işlərin başqa mənasını axtarmaq lazım deyil. Ofisin mandatı da yerindədir, heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq, 6 nəfərin əvəzinə 12, ya 13, ya 14 nəfər olacaq, vəssalam.
O ki qaldı ermənilərin şərt kimi ortaya qoyduqları insidentlərin araşdırılması mexanizminin tətbiqinə, hesab edirəm ki, buna indiki mərhələdə ehtiyac yoxdur. Birincisi, bu mexanizmlər yoxdur. Bizə heç kim konkret demir ki, bu, nədən ibarət olacaq. Belə olan halda bu məsələyə bu gün baxmaq düzgün olmazdı. İkincisi, bunun mənası nədən ibarətdir. Əgər bunun mənası ondan ibarətdir ki, münaqişə dondurulsun və təmas xəttində hansısa əlavə tədbirlər görülsün, əlbəttə, Azərbaycan buna getməyəcək. Bu o vaxt ola bilər ki, danışıqlar prosesində müsbət dinamika davam etdirilsin, biz konkret nəticələri görək, bilək ki, nə vaxt bizim torpaqlarımız işğaldan azad olunacaq, onda əlbəttə, müxtəlif mexanizmlər işlənə və o vaxt bu məsələyə baxıla bilər.
Mən Sankt-Peterburqda qəbul etdiyimiz bəyanatda bir mühüm məsələyə də toxunmaq istəyirəm. Orada qeyd edildi ki, son vaxtlar təmas xəttində vəziyyət sabitdir, atəşkəs bərpa edilib və bu, müsbət hal kimi qiymətləndirilir. Belə olan halda heç bir insidentlərin araşdırılması mexanizminin tətbiqinə ehtiyac qalmır. Yəni o şərt də qəbul edilmədi.
Bir daha demək istəyirəm ki, biz məsələnin mahiyyəti əsasında danışıqlar aparmalıyıq. Ermənistanın işğalçı siyasətinə son qoyulmalıdır. Biz bilməliyik ki, torpaqlarımızın azad edilməsi prosesi nə vaxt başlanacaq. Əlbəttə ki, bu proses olacaq. Azərbaycan tərəfi və mən şəxsən dəfələrlə qeyd etmişdim ki, biz bu münaqişəni ancaq mərhələli yolla həll edə bilərik. Çünki başqa cür mümkün deyil. Ermənistan həmişə çalışırdı ki, vəziyyəti daha da mürəkkəbləşdirsin, danışıqlar prosesini və mərhələli həll variantını pozsun. Ancaq bizdə olan fikirlərə görə, bu yol ən məqbul yoldur. Bu, tezliklə məsələnin həllinə gətirib çıxara bilər.
Yenə də qeyd etmək istəyirəm ki, Azərbaycan dövlətinin məsələnin həlli ilə bağlı prinsipial mövqeyi ortadadır. Bu mövqedə heç bir dəyişiklik olmayıb və olmayacaq. Bir daha qeyd etmək istəyirəm ki, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaranmayacaq.
Bu, əsas məsələdir. O ki qaldı Dağlıq Qarabağın statusuna, bu, sonranın işidir. Əlbəttə ki, müəyyən status ola bilər. Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası mövcuddur. Bunun muxtariyyət statusu var. Avropada, digər ölkələrdə mütərəqqi təcrübə və müxtəlif statuslar var. Ancaq bu status ölkəmizin ərazi bütövlüyünü pozmamalıdır”.
İyunun 25-də İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında da iştirak edib. Ümumi sahəsi 12600 kvadratmetr olan altımərtəbəli binada bütün otaqlar müasir avadanlıq və inventarla təchiz edilib.
İlham Əliyev Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış olub. Silahlı Qüvvələrin gündəlik və döyüş fəaliyyətinin planlaşdırılması və idarə olunması üçün yaradılan məntəqədə 140 nəfərin işləməsi üçün hər cür şərait var. Məntəqəyə hərbi idarəetmə sisteminin müxtəlif elementləri daxildir. Mərkəzi Komanda Məntəqəsi əməliyyat şəraiti barədə məlumatların toplanmasına və təhlilinə, qoşunların döyüşə hazırlıq prosesinə, döyüş xidmətinin aparılmasına nəzarət edilməsinə, döyüş fəaliyyətinə hazırlıq dövründə və onun gedişində qoşunların idarə olunmasına, digər idarəetmə məntəqələri ilə müxtəlif növ məlumat mübadiləsinin aparılmasına və videokonfransların təşkilinə, videoməlumatların ötürülməsinə imkan verir.