Hüquq müdafiəçisi İntiqam Əliyev üç aydır həbsdən buraxılıb, amma rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyətinin yerləşdiyi ofis hələ də açılmayıb. Ofis 2014-cü ildə İntiqam Əliyev həbs olunarkən möhürlənib.
İntiqam Əliyev 2014-cü il avqustun 8-də tutulmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Hökmə görə, onun 3 il hər hansı vəzifə tutmaq hüququ da alınıb.
Bu il baş prokuror Zakir Qaralov İntiqam Əliyevin cəzasının dəyişdirilməsi ilə bağlı əlavə kassasiya qaydasında protest verib. Ali Məhkəmənin Plenumu martın 28-də protesti təmin edib, İntiqam Əliyevin 7 il 6 aylıq həbs cəzası 5 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunub.
İyunun 28-də İntiqam Əliyev “Azadlıq” radiosuna bildirib ki, ofisi bağlı saxlamaqla yanaşı oradan götürülmüş sənədləri, avadanlıqları da bu günə qədər qaytarmayıblar. Həm özünün, həm də təşkilatının bank hesabları hələ də həbs altındadır.
Hüquq müdafiəçisi deyib ki, qapısı üç ildir bağlı qalan ofisin ona, barəsindəki cinayət işinə heç bir aidiyyəti yoxdur, eləcə də oradan götürülən sənədlərin: “Götürülənlərin cinayət işində sübut əhəmiyyəti olmadığı məhkəmə qərarlarında da öz əksini tapıb”.
Hüquq müdafiəçisi qeyd edib ki, azadlığım şərtidir: “Məni həbsdən buraxıblar, amma bütün bu məhdudiyyətlər, o cümlədən ölkədən çıxışıma qadağa qalır. Normal vəkillik fəaliyyəti ilə məşğul ola bilmirəm. Mənim və təşkilatın bütün sənədlərini, o cümlədən vergi, maliyyə sənədlərini prokurorluq götürüb, hələ də qaytarmır. Onların arasında ölkə daxilində və Avropa İnsan Hüquqları Məhkəməsində apardığım çoxlu sayda işlərlə bağlı sənədlər də var”.
Ofisin bağlı qalması, axtarış zamanı oradan, eləcə də İntiqam Əliyevin özünün, yaxınlarının evindən götürülmüş sənədlərin, texniki avadanlıqların qaytarılmaması ilə əlaqədar ofisin sahibi, hüquq müdafiəçisinin yaxınları məhkəmədə iddia qaldırıb. Həmin iddia məhkəmələrdə təmin olunmayıb və bununla əlaqədar bir müddət əvvəl Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərilib.
İntiqam Əliyev qeyd edib: “Ofisin bağlı qalması üçün elə bir ciddi əsas yoxdur. Əvvəlcə dedilər ki, istintaq gedir, aça bilmərik. Məhkəmə dövründə dedilər ki, hazırkı mərhələdə açılması məqsədəuyğun deyil. İndi də ümumiyyətlə, cavab vermirlər. Ofisin açılmaması, sənədlərin prokurorluqda saxlanması qanunsuzdur. Bu məsələlər bir sıra beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Amma bu ölkədə qanunsuzluqlar üzərində qurulmuş siyasət yürüdülür. Ona görə də təəccüblü bir şey yoxdur”.
İntiqam Əliyev onu da qeyd edib ki, bu cür məhdudiyyətlər onu insan haqlarının müdafiəsi ilə bağlı gördüyü işlərdən çəkindirə bilməz: “Bütün bunlar ona köklənib ki, biz normal fəaliyyət göstərə, öz işimizi davam etdirə bilməyək. Bütün bunlar həm də bizi qorxu altında saxlamaq məqsədi güdür. Amma təbii ki, yanılırlar. Mən hələ məhkəmə prosesləri gedəndə bildirmişdim ki, bəli, hakimiyyətin cinayət saydığı bu əməlləri eləmişəm, onları həbsxanada da davam etdirəcəyəm, buraxsalar, ondan sonra da. Hökumətin qarşısında heç bir öhdəliyim yoxdur ki, mən bu işləri görməyəcəyəm”.
53 yaşlı İntiqam Əliyev hüquqçu fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. Vəkillik fəaliyyəti ilə məşğul olan İntiqam Əliyev əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.